Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə həbs edilən şəxslərin əksəriyyətinin həbs müddəti uzadılıb.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya məlumat verən Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan sabiq rəhbəri Adil Hüseynovun vəkili Kamandar Nəsibov bildirib ki, həmin şəxslərin əksəriyyətinin həbs müddəti uzadılıb, bir neçə nəfərin barəsində olan həbs qətimkan tədbirinin müddəti isə dəyişdirilib: "Ötən gün həmin cinayət işi üzrə 4 nəfərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə prosesi keçirildi. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Adil Hüseynovun, bankın "Mərkəzi" filialının sabiq direktoru İlqar Abdullayevin və həmin bankdan kredit götürərək qaytarmamaqda günahlandırılan "İntertabakko" Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadıldı.
Bankın "Nəqliyyat" filialının keçmiş direktoru Kənan Orucov isə azadlığa buraxıldı.
Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etdi.
Bir neçə gün əvvəl isə Nərimanov rayon Məhkəməsinin qərarı ilə "Azerbaijan Consalting Group" MMC-nin rəhbəri, türkiyəli iş adamı Erhan Cavad Yavuz və digər bir neçə nəfərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Erhan Cavad Yavuzun həbs müddəti Nərimanov rayon Məhkəməsinin qərarı ilə daha 3 ay artırılıb".
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə 30-dan çox şəxs həbs edilib. Cinayət işi üzrə saxlanılan şəxslərdən 6 nəfəri barəsində seçilmiş həbs qətimkan tədbiri ötən ilin dekabr ayında Nərimanov rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı ilə əvəz edilib.
APA-nın əldə etdiyi məlumata görə, həmin şəxslər keçmiş deputat, "Globus Plaza"nın sahibi Dünyamin Xəlilovun həbsindən sonra azadlığa buraxılıblar.
Belə ki, D. Xəlilov həbs olunduqdan sonra istintaq orqanına verdiyi ifadəsində "Xəzər Menecment Sistem" şirkətinin həbsdə olan rəhbəri Adil Mikayılov və digər 5 nəfərin təqsirinin olmadığını bildirib. Onun ifadəsindən sonra prokurorluq orqanı Adil Mikayılov və digər beş nəfərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatətlə məhkəməyə müraciət edib. Məhkəmə vəsatəti təmin edərək həmin şəxsləri azadlığa buraxıb. Onlardan başqa yerə getməmə haqqında iltizam alınıb.
Onu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankın İdarə heyətinin sabiq sədri Cahangir Hacıyev də həbsdədir. Onun barəsində ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.