Rusiya Türk Axını qaz kəmərini Avropaya qədər uzatmağa hazırdır.

Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada Avropa Biznesi Assosiasiyasının üzvləri ilə görüşü zamanı söyləyib.

Onun sözlərinə görə, Türk Axınının Avropaya qədər uzanması üçün Avropa Birliyi gərək layihənin reallaşdırılmasına kağız üzərində rəsmi zəmanət versin.

Qeyd edək ki, Türk Axını layihəsinin tikilməsi haqqında müqavilə 2014-cü ilin dekabrında imzalanıb. Bu layihə AB-nin Cənub Axını layihəsinə qoyduğu qadağadan sonra ortaya çıxıb. Keçən il Moskva və Türkiyə arasında yaşanan Su-24 insidenti layihənin müvəqqəti dondurulmasına səbəb olub. Bu ilin avqust ayında isə iki ölkə arasında münasibətlərin düzəlməsi layihənin yenidən reallaşdırılmasına yardım edib.