İş adamı: "Başima silah dirəyib, "İŞID-a niyə yardım etmirsən dedilər

Azərbaycanda çalışan ünlü iş adamı, "Mustafa Tayat geyim mağazaları şəbəkəsinin sahibi Mustafa Tayatın İstanbulda oğurlanması hər iki ölkənin mediasında geniş marağa səbəb olub. Qeyd edək ki, iş adamının ötən ay Türkiyədə girov götürüldüyü və ondan bir neçə milyon pul tələb olunduğu deyilirdi. Bununla bağlı yayılan xəbərlərdə Mustafa Tayatın şəxsi həyatına dair foto və videolarla şantaj edildiyi də qeyd edilib.

Artıq Türkiyə polisi iş adamını oğurlayan dəstənin üzvlərini həbs edib.

Unikal.org bildirir ki, Gununsesi.info-ya eksklüziv müsahibəsində Mustafa Tayat başına gələnləri anladıb.

- Mustafa bəy, əvvəlcə ondan başlayaq ki, hansı formada sizi girov götürdülər?


- Sualınıza cavab verməzdən öncə bildirim ki, bəzi media orqanlarında guya, bu olayın arxasında hansısa şəxsi həyatıma dair məsələlər dayanıb tipli yazılar yer alıb. Amma bildirirəm ki, bu barədə yazılanlar doğru deyil. Orada həmçinin, Azərbaycandan olan Lətifənin məni "tora salması kimi fikirlər də həqiqətə uyğun deyil. Məsələni "Gununsesi.info saytına olduğu kimi çatdırmaq istəyirəm ki, hər kəs bu barədə məlumatlı olsun.

Mən ötən ay Türkiyəyə getdim. Orada olanda vaxtilə bizdə çalışan Lətifə adlı qız mənə telefon açdı. Mən onu təbii ki, tanıyırdım. O, Türkiyədə təhsil alıdığı üçün Bakıdan getdiyini demişdi. Bundan öncə də mən onunla Türkiyədə görüşmüşəm. Bu dəfə gedəndə mənə telefon açdı ki, onun bir rəfiqəsi var və anası Amerikada yaşayır. İmkanlı bir ailədir, Türkiyədə iş qurması üçün məsləhətə ehtiyacı var. Mən ona həftənin 5-ci gün görüş təyin etdim. Bildirdim ki, "Titanik oteldə qalırıq, orada görüşə bilərik. Saat 18 radələrində adına "Dəniz dediyi həmin qızla otelə gəldilər. Mən bu qıza baxanda çinliyə bənzətdim. Söhbət edən zaman bildirdi ki, görüşə getməzdən öncə evdən nəsə götürməldir. Biz bir villaya girdik. 2-3 dəqiqə sonra qapının zəngi çalındı və Dəniz qapını açdı. Bu zaman 3 nəfər maskalı və silahlı şəxs mənə hücum etdi. Qollarıma qandal vurub, saxladılar.

- Danışıqlarında nə dedilər? Ümumiyyətlə, hiss etdinizmi, onlar hansı millətin nümayəndələlərdir?

- Hiss etdim ki, peşəkardırlar. Türkcə çətinliklə danışırdılar. İndi bəlli olur ki, kürd, çeçen və özbək olublar.Bir nəfər də Türkiyə vətəndaşıdır. Qızları da qandalladılar. Film kimi bir olay idi. Bizi aşağı endirib, məni döydülər.

- İlk tələbləri nə oldu, sizi nə üçün oğurlamışdılar?

-İlk sözləri bu oldu ki, nədən İŞID-a yardım etmirsən? Sonra "namaz niyə qılmırsan, "filan duanı oxuya bilərsənmi kimi suallar verdilər. Mən müsəlman olduğumu dedim

- Belə çıxır ki, sizi İŞID oğurlayıb-¦

- Əvvəlcə mən də belə anladım. Sonradan bildim ki, bunlar iz azdırmaq üçün bir oyundur. Bir az döydükdən sonra çantamdakı pulu aldılar, kredit kartlarımı götürdülər. Sonra dedilər ki, 10 milyon dollar verəcəksən, səni azad edəcəyik. Bildirdim ki, məndə bu qədər pulun olması mümkünsüzdür. İnanmadılar və məni yenidən döyməyə başladılar. Anlatmağa çalışdım ki, bu məlumatı verənlər yanılıb. Biz onsuz da Azərbaycanda böhrandayıq. Üstümdən qapını bağladılar.

24 saat keçdi. Heç kəs şübhələnməsin deyə, mənə zəng gələndə silahı başıma dirəyib, danışdırırdılar. Sonrakı günlər yenə danışdılar. Dedilər heç olmasa, 3 milyon ver. Dedim ki, mən sizə 1 milyon dollar verə bilərəm. Çünki, anladım ki, "bazarlığa getməsəm öldürəcəklər. Bildirdim ki, bunu sizə 1 ay ərzində hissə-hissə verəcəm. Amma məni azad etməlisiz ki, pulu toplaya bilim. Dedilər ki, Azərbaycanda adamımız var, o, gəlib, pulu alacaq. Şərt qoydular, ki, indi azad olunmaq üçün 20 min lirə hazırda çatdırmalısan. Cibimdə 3100 lirəni və 230 dolları aldılar. Məni məcbur etdilər ki, dostlarıma telefon açıb, pul istəyim. 20 kişi aradım onlardan yalnız 2 nəfərindən pul ala bildik. Dostlarımdan Həmid və Mustafadan 5500 və 8000 lirə istədikləri yerdə aldılar. Amma bu pulları kamera çəkilişlərinin aparıldığı yerdə alıblar. Görünür, özlərinə arxayın olublar.

- Sizi hansı formada azad etdilər?

- Gecə saatlarında məni buraxdılar. Əvvəlcədən hədələdilər ki, polisə getsən, ailən-uşağın məhv olacaq. Şərtlərini qəbul etdim. Məni buraxanda taksiyə oturub, otelə getdim. Oteldə məsələni açdım. Polislər gəldi. Əməliyyat hazırlandı pulun bir hissəsini verərkən, bir nəfər yaxalandı. Dünən isə digər şəxslər tutuldu.

- Oğurlanmağınızda "Lətifə adlı Azərbaycan vətəndaşının rolu nə dərəcədədir?

-Əvvəlcə, mən düşündüm ki, Lətifə bu işin içindədir. Lətifə azad ediləndən sonra yoxa çıxmışdı. O, məni qəfildən aradı və and içdi ki, bu plandan xəbərsiz olub. O, polisə getmək istədiyini və bu şəxslərin həbs olunmasına kömək edəcəyini dedi. Belə də oldu. Onun ifadələri əsasında digər şəxsləri həbs etmək mümkün oldu. Atası mənə telefon açıb, yanıma gəldi. Qızının günahsız olduğunu dedi. Hazırda Lətifə özü də həbsdədir. Onu necə azad etmişdilər, bunu mən bilmirəm. Amma atası ilə söhbətimdən sonra Lətifə məni aradı. Lətifə özü təslim oldu. Onu sərbəst buraxdılar, əməliyyat hazırlandı və digər şəxslər də tutuldu. Dəstə üzvlərindən yalnız bir nəfər axtarışdadır. Qarşıda məhkəmə olacaq, mən də məhkəməyə gedəcəyəm.

-Son zamanlar Türkiyədə kriminal hadisələr artıb. Səbəb nədir?

-Doğru söylədiniz. İstanbulun polis rəisi də bunu mənə dedi. Dövlətin başı bu aralar FETÖ-ya qarışdığından kriminal qruplar baş qaldırıb. Son aylar cinayətlər də artıb. Amma inanıram ki, buna da son qoyulacaq.