Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisiAkif Çovdarovun və digərlərinin cinayət işi üzrə şahid qismində dindirilmiş həmkarlarının istintaqa ifadələri zamanı bəzi məqamlar ortaya çıxıb.
Unikal.org lent.az-a istinadən bildirir ki, nazirliyin sabiq əməkdaşıÇıraqov Elçin Musa oğluifadəsində general Akif Çovdarov və polkovnikSəlim Məmmədovla münasibətlərindən danışıb: "Onların qanunsuz göstərişləri yerinə yetirmədiyim üçün mənə qarşı hər zaman qərəzli olublar. MTN-nin 6-cı Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Səlim Məmmədov və Vüqar Muxtarovun qanunsuz əməllərini gördüm. Etirazımı bildirdim. Səlim Məmmədov və Vüqar Muxtarov əməliyyatdan dərhal sonra barəmdə Akif Çovdarova məruzə elədi. Çovdarov məni otağına çağırdı. Üstümə qışqıra-qışqıra "sən nə səbəbdən narazısan, səni burdan iti qovan kimi qovaram, gedirsən otağına, mənim icazəm olmadan heç yerə çıxmırsan, bu otaqdan çıxandan sonra da gedib heç kimlə "razborka" aparmırsan" dedi".
MTN-nin sabiq əməkdaşı bildirib ki, bundan sonra 3 il ərzində Çovdarov onun icraatına heç bir iş verməyib: "3 il boş-boşuna otaqda oturdum. Bezmişdim. Raport yazıb Akif Çovdarova verdim ki, işdən çıxım. Çovdarov mənə dedi, atan xəstədir bilirəm, işlə pul qazan, get atanı müalicə elətdir. Razılaşmadım. Çovdarova dedim ki, indiyə qədər haram yeməmişəm, bundan sonra da yemərəm. Çovdarov raportumu 4 ay özündə saxladı. Məcbur qalıb, Eldar Mahmudovun köməkçisi Vüqar Mahmudova müraciət elədim, xəstəliklə təqaüdə çıxdım".
Elçin Çıraqov istintaqa ifadəsində MTN əməkdaşlarının vətəndaşNeman Kərimova qarşı hədə-qorxu yolu ilə pul almasından danışıb. O bildirib ki, Neman Kərimovu 2007-2008-ci illərdən tanıyır: "Məni onunla İslam və Vahid Məmmədovlar tanış etmişdi. Neman o zamanlar Nərimanov rayon Polis İdarəsinin cinayət axtarış bölməsində kiçik inspektor işləyirdi. Həmin vaxtlar MTN Nərimanov idarəsi ilə polis idarəsi eyni binada yerləşirdi. Nemanla iş vaxtı salam, sağolumuz vardı, bir-birimizdən hal-əhval tuturduq. Neman bir gün mənə dedi ki, Sevinc adlı tanışı var, yüngül həyat tərzi yaşayır, onda BƏƏ və Türkiyəyə gedən qadınlar haqqında yaxşı məlumatlar var. Bizi tanış elədi. Neman mənə dedi ki, Sevincin bir xəstə qardaşı var. Mən guya Sevincə yardım eləmək üçün bir kişi tapdım, türkəçarə yardım göstərəcəkdi. Beləliklə, onunla münasibət qurdum. Sevinc bir gün zəng elədi ki, Neyman ona 10 min manat pul atıb, MTN-ə şikayət etmək istəyir. Ona dedim ki, idarə rəisinə bu barədə məlumat verəcəyəm. Şifahi formada Səlim Məmmədova bu barədə məlumat verdim. S. Məmmədov dedi ki, Sevinci yanına göndərim, özü ərizəsini alacaq. Sevinci nazirliyə aparıb, Səlim Məmmədovla görüşdürdüm. Amma onların nə haqqında danışdığımdan xəbərim olmayıb. Bundan sonra bir neçə dəfə Sevinci MTN-in komendaturasının qarşısında Nemanın dayısı Zakir Mövsümov və Səlim Məmmədovla söhbət edərkən görmüşəm".
MTN sabiq əməkdaşı istintaqa bildirib ki, sonradan MTN-in 6-cı Baş İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin rəisiVüqar Muxtarovun öz işçiləri ilə birlikdə otellərin birindən Nemanı və dayısı oğluZakiri MTN-ə gətirdiklərindən xəbər tutub: "Nemanı Sevinc Rüstəmovanın ərizəsi əsasında MTN-ə gətirmişdilər. Lakin həmin ərizənin qeydiyyata alınıb-alınmadığı haqqında məlumatım yoxdur. Ümumiyyətlə hər hansı pul söhbətindən xəbərim yoxdur. Neman Kərimovdan kiminsə pul aldığından xəbərsizəm".
Qeyd edək ki, cinayət işinə görə, N.Kərimov Binəqədi rayonunda yerləşən "Elit" hotelində olduğu vaxt Səlim Məmmədov qanunvericiliklə müəyyən edilmiş funksional vəzifələrin icrası üçün nəzərdə tutulan nəqliyyat və digər texniki vasitələrdən, dəstə üzvü olmayan xüsusi təyinatlı qulluqçulardan istifadə etməklə odlu silahla basqın edərək hər hansı prosessual qərar və protokol tərtib etmədən onu zorla MTN-ə gətirib.
A.Çovdarov onu 10 saat ərzində xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum edib. O, Neman Kərimovun yaxın münasibətdə olduğuRüstəmova Sevinc Rafiq qızından aldığı 20 min manatı qaytarmadığını bəhanə edərək, sidik nümunələri götürüb, guya narkotik vasitələrin istifadəçiləri olduqlarını iddia edib və barəsində cinayət işi başlanılacağı, həbs ediləcəyi, rüsvayedici məlumatların yayılacağı ilə hədələyib. A.Çovdarov onlardan 80 min manat məbləğində pul tələb edib. Həmin gün Neman Kərimovun dayısı vəElvin Mövsümovun atası Zakir adlı şəxsdən dəstə üzvü Səlim Məmmədovun vasitəsi ilə həmin məbləğdə pulu nazirliyin inzibati binasında qəbul edib. A.Çovdarov həmin pulun 20 min manatını Sevinc Rüstəmovaya borcunun ödənişi kimi verib. Qalan 60 min manatını isə mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə, fiziki və hüquqi şəxslərin hüquqi mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurublar.