Son günlər ölkədə qeydə alınan avtobus qəzalarının sayında baş verən artım nəzərlərdən qaçmır. Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamaq cəhdlərimiz səmərəsiz qalıb. Belə ki, nazirlik rəsmisi dəfələrlə yazılan mesajlara və zənglərə cavab verməyib. Əvəzində isə özünü Nəqliyyat Nazirliyinin əməkdaşı və Namiq müəllimin köməkçisi kimi təqdim edən Kəmalə xanım redaksiyamıza zəng edərək "Namiq müəllimə böyük ehtimalla avtobus qəzaları ilə bağlı zəng edirsiniz. Amma nəzərinizə çatdırım ki, bu məsələlər artıq bizlik deyil. Mətbuata açıq olanlardan soruşun ( Kəmalə xanım əslində jurnalistlərin dostu olan mətbuat xidməti rəhbəri olan xanımın adını çəksə də, biz onun adının çəkilməsini etik saymırıq:red). Namiq müəllim jurnalist qıtlığından əziyyət çəkdiyindən heç kimin zənginə cavab vermir",-deyib.

Müvafiq qurumlardan cavab ala bilmədiyimizdən məsələ ilə bağlı parlament üzvü Fazil Mustafanın fikirlərini öyrəndik.

 

Unikal.org xəbər verir ki, deputat Modern.az saytına əslində bu günün mövcud şərləri daxilində baş verən avtobus qəzalarının sayının az olduğunu qeyd etdi:

"Nəzərə alaq ki, hazırda metro və avtobusdan başqa səmərəli ictimai nəqliyyat vasitəsi yoxdur. Bugünükü vəziyyəti əvvəldən düşünmək lazım idi. Relsləri satmaq üçün tramvay xətləri, kabelləri satmaq üçün tralleybus xətləri dağıdıldı.

Bütün yük avtobusların üzərinə qoyulandan ictimai nəqliyyatda müəyyən problemlər yaşanır".

F.Mustafa deyir ki, yolların indiki vəziyyətində nə qədər təcrübəli sürücü olsa, intizama əməl etmək çox çətindir:

"Çünki, avtobus dayanacaqları dardır, yerlər uyğun seçilməyib, giriş-çıxış yerləri geniş deyil. Bu isə şəhər infrastrukturunun doğru qurulmamasından asılı məsələdir.

Açığı, problemlər o qədər çoxdur ki, baş verə biləcək qəzaları önləməyin yollarını göstərməkdə çətinlik çəkirəm.

Çox az hallarda avtobus sürücülərinin səriştəsizliyi qeydə alınır. Problem əsasən yolların irihəcmli avtobuslar üçün əlverişsiz olmasıdır.

Kiçik həcmli nəqliyyat vasitələri ilə müqayisədə, ard-arda düzülən iri avtobuslar dönmə, ötmə əməliyyatlarını yerinə yetirərkən çətinlik yaranır. Xüsusilə dayanacaqlarda eyni vaxtda 5-6 avtobusun durması xoşagəlməz halların yaranması üçün zəmindir. Bu da qeyd etdiyim kimi, ictimai nəqliyyatın mövcud yükü ilə bağlı məsələdir ki, aidiyyatı qurumlar hansısa tədbirlər görməkdə artıq gecikir".