Rusiyanın Kiyevdəki səfirliyi martın 5-dən 6-na keçən gecə naməlum şəxslərin hücumuna məruz qalıb.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, Kiyev Şəhər Baş Milli Polis İdarəsinin yaydığı açıqlamada bildirilir ki, əllərində məşəl olan 10-dək şəxs dipmissiyanın binası yaxınlığına gələrək ətrafda park edilmiş, səfirliyə məxsus avtomobillərə zərbələr endirməyə başlayıb. Nəticədə üç avtomobilə ziyan dəyib, şüşələri və güzgüləri sındırılıb. Hadisə yerindən çəkic götürülüb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

"YouTube" sosial şəbəkəsində yayılmış videodan aydın olur ki, səfirliyə hücum edənlər Ukrayna Hərbi Hava Qüvvələrinin zabiti, hazırda Rusiyada həbsdə olan Nadejda Savçenkonun azadlığa buraxılmasını tələb ediblər.

Artıq Rusiyanın Kiyevdəki səfirliyi baş verənlərlə bağlı Ukrayna Xarici İçlər Nazirliyinə etiraz notası verib.