Azərbaycanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bəzi dövlət qurumları xanımları müxtəlif formada təbrik ediblər.

Unikal.org anspress-ə istinadən məlumatına görə, qadınlara sürpriz edən dövlət qurumları arasında əsas yeri Bakı Metropoliteni, Azərbaycan Dəmir Yolları və həmçinin Bakı şəhər Dövlət Yol Polisi tutur. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Statistika Komitəsinin qarşısındakı dairədə dayanıb və həmin an ərazidən keçən qadın sürücülərə müxtəlif hədiyyələr təqdim ediblər. Yol polisi əməkdaşları xanım sürücülərə əsasən gül və müxtəlif hədiyyə kartları veriblər.


Bakı Metropoliteni isə qadın sərnişinlər başqa formada təbrik edib. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, 8 mart münasibəti ilə metronun bütün stansiyalarad təbrik lövhələri quraşdırılıb.



Azərbaycan Dəmir Yolları QSC də xanımları təbrik etməyi unutmayıb. Qurum tərəfindən qatarla səyahət edən xanım sərnişinlərə gül dəstələri verilib. Mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi ki, aksiya səhər saatlarında Bakı Vağzalında Böyük Kəsik, Astara və digər istiqamətlərdə gələn xanım sərnişinlər üçün təşkil edilib. Beynəlxalq Qadınlar Günü hər il 8 mart tarixində qeyd olunur. Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir.

8 mart günü baş verən etiraz aksiyalarında ABŞ-da 129 qadın işçi yandırılaraq öldürülüb. 1910-cu ildə alman sosialist qadını Klara Setkin qadınların xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi. Azərbaycanda da bu gün dövlət səviyyəsində qeyd edilir.

Unikal.org-un məlumatına görə, əksər dövlət qrumları xanım əməkdaşlarına 50 manat pul vəsaiti əmək haqlarına hədiyyə olaraq əlavə ediblər.