Dekabrın 11-də "Beauty Queen of Azerbaijan ("Azərbaycanın Gözəllik Kraliçası) layihəsinin sonuncu kastinq seçimləri baş tutub.

Unikal.org xəbər verir ki, müsabiqənin münsiflər heyətində tanınmış modelyer-dizaynerlər - Afaq İsmayılzadə, Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, stilistlər - Nəsir Babayev, Fuad Hacıyev, Əməkdar artist Tünzalə Ağayeva, aktyor-aparıcı Şəhriyar Əbilov, rəqqasə Oksana Rəsulova yer alıb. Layihənin rəhbəri Türkiyədə yaşayan azərbaycanlı aktyor Elmir İsmayılov, direktoru Türkan Novr, prodüseri isə Orxan Salmandır.

Yarışmaya qatılan xanımlar arasından seçilmiş 24 nəfərdən 12-si yarımfinalda işitrak edəcək.

Hər iki mərhələdə Türkiyənin tanınmış modelyerlərinin - Tolqa Cam və Serdar Uzuntaş, türk estradasının pop ulduzları - Petek Dinçöz, Merve Özbey, Sinan Akçıl və digərlərinin iştirakı gözlənilir.

Müsabiqə "Fashion TV, "Number One, "Show TV, "Kral TV və digər xarici televiziya kanalları tərəfindən yayımlanacaq.

"Azərbaycanın Gözəllik Kraliçası yarışmasında 1-ci yerin sahibi qızıl tac və pul mükafatı, 2-ci və 3-cü yerin sahibləri pul mükafatına layiq görüləcəklər.

Bununla yanaşı, Türkiyənin tanınmış model şirkəti ilə müqaviləyə də imza atacaqlar.

Artıq sosial şəbəkələrdə müsabiqəyə qatılan gözəllərin fotoşəkilləri yayılmağa başlayıb. "Instagram və "Facebook istifadəçiləri namizədlərin gözəl olmadıqlarını, gözəllik müsabiqəsinə yaramayan qızların seçildiklərini yazırlar.