"Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, uzunluğu 21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin 7 kilometrlik ikinci hissəsinin yenidən qurulması işləri tamamlanıb. Yolun inşası Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı, həmçinin "Paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə Tədbirlər Planı əsasında aparılıb.
Birinci texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 7 kilometrlik hissəsi 6 hərəkət zolaqlıdır. Hər bir hərəkət zolağının eni 3,75 metrdir. Ümumi eni 34 metr olan yolun kənarlarında piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün səkilər inşa edilib. Asfalt-beton örtüklü yol boyunca drenaj xətti çəkilib. Marşrut avtobuslarının ümumi hərəkətə maneçilik törətməməsi üçün yol boyunca 14 dayanacaq inşa olunub. Tikinti işlərindən sonra zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb. Bütün işlər qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhər mərkəzi, Mərdəkan və Bilgəh, həm də Qala və Pirallahı istiqamətlərində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdır.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Xatırladaq ki, yolun 4 hərəkət zolağından ibarət olan 14 kilometrlik hissəsi 2014-cü ilin oktyabr ayında istismara verilib. Yolun 6 hərəkət zolağından ibarət olan ikinci hissəsinin tikintisinə isə 2015-ci ildə başlanmışdı.
Dövlətimizin başçısı Əli İsazadə küçəsinin rəmzi açılışını bildirən lenti kəsdi.
"Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 20-22 metrə qədər genişləndirilib. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yol boyunca səkilər tikilib. Sutkanın qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yolboyu müasir işıqlandırma sistemi qurulub. Bundan başqa, layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün zəruri olan bəzi yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb. Yenidənqurma çərçivəsində kommunikasiya xətləri kənara köçürülüb, zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilib və yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Küçə boyunca zəruri yerlərdə 17 yol nişanı quraşdırılıb, yol-cizgi və göstərici xətlər çəkilib.
Yenidən qurulan bu küçə Heydər Əliyev prospekti-Hava Limanı-Mərdəkan avtomagistralındakı mövcud yol qovşağından istifadə etməklə Binə, Mərdəkan, Bilgəh, Qala, Pirallahı qəsəbələrinə və şəhərin mərkəzinə doğru əhalinin rahat gediş və gəlişini təmin etməyə imkan yaradacaq.