Xaçmaz Regional Elektrik Şəbəkəsinin balans mənsubiyyətinə aid olan bütün şəbəkələrdə istismar səviyyəsinin daha da yüksəldilməsi üçün təxirəsalınmaz tədbirlər cari ilin son dörd ayı ərzində də həyata keçirilmiş və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin mətbuat xidmətindən daxil olan məlumat deyilir. 

110/35/10 kV-lik "Quba yarımstansiyasında 32 yuvadan ibarət 10 kV-lik qapalı paylayıcı quruluşun (QPQ) tikintisi işləri aparılmış və hazırda da davam etdirilir. Həmçinin bu yarımstansiyada hər birinin gücü 40 MVA olan 1 və 2 saylı transformatorlar, 1-ci və 2-ci bölmənin xüsusi sərfiyyat transformatorları təmir edilmiş, 2 saylı 40 MVA gücündə transformatorun 110 kV-lik girimlərində yağın təzyiqi normallaşdırılıb.

Hesabat dövründə 110/35/10 kV-luq "Xaçmaz yarımstansiyasında isə 1 və 2 saylı 25,0 MVA gücündə transformatorlarda, 110 kV-lik 7-ci Xaçmaz hava xəttinin (HX) eleqaz açarında, xətt ayırıcısında, 10 kV-luq Çarxı, Əhmədoba HX-nin vakuum açarları və xətt ayırıcılarında, 10 kV-luq 2-ci bölmənin avadanlıqlarında təmir işləri aparılmış, 10 kV-luq Konserv Zavod HX-nin yağ açarı yeni vakuum açarla, 10 kV-luq Buruq HX-nin vakuum açarı isə yenisi ilə əvəz edilib.

Bu dövrdə müxtəlif təyinatlı analoji təmir işləri 110/35/10 kV-lik "Xudat, 110/35/10 kV-lik "Yalama, 110/35/10 kV-lik "Qusar, 110/35/10 kV-lik "Siyəzən, 35/10 kV-lik "Zeyxur, 35/10 kV-lik "Cağar yarımstansiyalarında da həyata keçirilərək onların dayanıqlığı daha da möhkəmləndirilib. Əlavə olaraq bütün yarımstansiyaların güc transformatorlarında ölçü-sınaq işləri də aparılıb.

Elektrik Enerjisinin Ötürülməsi İdarəsinə istinadən qeyd edək ki, bu dövrdə yenidənqurma və təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 35 kV-lik və ondan yuxarı gərginlikli hava elektrik verilişi xətlərindən (HEVX) də yan ötməyib. Belə ki, 330 kV-luq Xaçmaz, 110 kV-luq 3-cü, 4-cü, 7-ci və 8-ci Xaçmaz, Çarxı, Xudat-Yalama, Yalama-Bilici, 1-ci və 2-ci Quba, 1-ci və 2-ci Qusar, 4-cü Siyəzən, 35 kV-lik Cağar, Qusar SES hava xətlərində təmir qrafikinə uyğun müxtəlif təyinatlı təmir-bərpa işləri aparılmış, ümumilikdə 600-ə yaxın izolyator yenisi ilə əvəz olunub, 110 kV-lik Xudat-Yalama HX-də 5 ədəd aralıq ağac dayaqlar təmir olunub, 110 kV-lik 1-ci və 2-ci Taxtakörpü HX-də 4 ədəd dayaq düzləndirilib, hava xətlərinin trassaları boyu hündür ağacların budanması işləri aparılıb. Bütün bunlarla yanaşı, 110 kV-lik Xudat-Yalama HEVX-nin 8 ədəd ağac dayaqları yeni metal dayaqlarla əvəz olunub.

Xaçmaz Regional Elektrik Şəbəkəsi Xaçmaz, Quba, Qusar, Xudat və Siyəzən rayonlarında enerjitəchizatı müəssisəsinə enerjinin ötürülməsini həyata keçirir.