Bakı və Abşeron yarımadasında dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq.

Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.