Xətai rayonu Süleyman Vəzirov küçəsində təmiri işlərinə start verilib.

Unikal.org xəbər verir ki, "Azəravtoyol ASC-dən oxu.az-a verilən məlumata görə, sözügedən küçənin uzunluğu 700 metr, eni 11 metrdir. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü 2 qat olmaqla yenisi ilə əvəz olunacaq. Bundan başqa piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulacaq, mövcud olanları bərpa olunacaq.

Səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədi ilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılacaq, yağış barmaqlıqları qoyulacaq. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək.

Hazırda təmir işlərinin aparıldığı ərazidə yeni yeraltı kommunikasiya xətləri çəkilir. Təbii ki, aidiyyəti qurumlarla kompleks şəkildə aparılan bu işlər yolun asfalt-beton örtüyünün qısa müddət ərzində sıradan çıxmasının qarşısını almış olacaq.

Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan təmir işləri zamanı 8 min kvadratmetr sahənin asfaltlanması, piyada səkilərinin kənarlarına isə 1500 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.