Azərbaycanda elektrik enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində sisteminin dayanıqlığı daha da möhkəmlənib və situasiyalara hazırlıq səviyyəsi yüksəlib. 

"Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı unikal.org-a bildirib ki, istər bayram günləri, istərsə də adi günlərdə enerjinin ötürülməsinin keyfiyyəti əhəmiyyətli dərəcədə gücləndirilib.

Mərkəzi Dispetçer İdarəsi rejimə uyğun işləyir.Həmçinin, hazırda qeyri-sabit hava şəraiti və temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, "Azərenerji ASC-nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib.

Səhmdar Cəmiyyətin Enerjinin İstehsalı İdarəsi stansiyaların fəaliyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasını təmin etmək məqsədi ilə bütün müəssisələrində məsul növbətçilərin say tərkibini artırıb və qəza-bərpa briqadaları yaradılıb.

Səhmdar Cəmiyyətin Elektrik Enerjisinin Ötürülməsi İdarəsi tərəfindən elektrik verilişi xətləri və yarımstansiyaları növbədənkənar təftiş edilib. Bütün regional enerji şəbəkələri günün tələbinə uyğun iş rejiminə keçirilib. Eyni zamanda, növbətçi briqadaların sayı artırılmış və onlar müvafiq nəqliyyat vasitələri ilə təmin olunub.