"MTN işi"nə görə həbs edilən polkovnik Füzuli Əliyevin istintaqa verdiyi ifadə məlum olub.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Əliyev Füzuli Zülfüqar oğlu ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib. O, istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən və üzləşmələr zamanı ifadə verməmək hüququndan istifadə edib, əksər suallara cavab verməkdən imtina edib, yalnız ayrı-ayrı sualları cavablandırıb.

MTN polkovniki istintaqa ifadəsində xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını qismən etiraf edib. Füzuli Əliyev bildirib ki, ləğv olunmuş MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə 4-cü Baş idarəsi və həmin Baş idarənin 1-ci idarəsi öz fəaliyyətində birbaşa sabiq nazir Eldar Mahmudovun kurasiyasında olub.

F.Əliyev müavin kimi xidmətini Baş idarənin rəisi Sübahir Qurbanov tərəfindən verilmiş tapşırıq və göstərişləri əsasında qurduğunu deyib.

MTN polkovniki istintaqa verdiyi ifadəsində inanılmaz bir etiraf edib. O, sabiq nazir Eldar Mahmudovun işdən çıxarıldığını eşidəndən sonra nazirliyə gəlib bəzi sənədləri məhv etməsindən danışıb: "Xidməti işimlə əlaqədar həm məxfi, həm də tam məxfi sənədlərlə işləməyə buraxılışım olub. Həmin növ sənədlər mənə aid olduqda xidməti otağımdakı seyfdə saxlanılıb. Sonradan onların taleyi nazirlikdə qüvvədə olan karqüzarlığın aparılmasına dair əmr və təlimatla tənzimlənib, mən də məxfi sənədlərlə işləyərkən həmin əmr və təlimatların tələblərini rəhbər tutmuşam. Bununla yanaşı, xidməti otağımda məxfi olmayan çoxsaylı sənədlər olub və onların sonrakı taleyini müstəqil olaraq özüm həll etmişəm. 18 oktyabr 2015-ci ildə saat 10.30 radələrində MTN-nin inzibati binasının 4-cü mərtəbəsində yerləşən xidməti iş otağıma gəldim. Orada olarkən otaqda səliqə-səhman yaratmaq məqsədilə məxfi olmayan və lazımsız olan sənədləri kağız doğrayan maşına salmaqla məhv etdim. Məhv etdiyim sənədlər əsasən uzun müddət xidməti otağımda saxlanan, lazım olmayan və məhv olunması zəruri olan sənədlər olub".

F.Əliyev Eldar Mahmudovun işdən çıxarıldığı gün də MTN-dəki iş otağına gəldiyini açıqlayıb: "Həmçinin, 17 oktyabr 2015-ci il tarixdə, saat 11 radələrində iş yerimə gəlmişəm. Lakin sonradan səhhətim ilə bağlı problemlərlə əlaqədar Baş idarənin rəisindən bir neçə günlük icazə alaraq evə getdim".

İfadədə məlum olur ki, F.Əliyev həmin gün axşam televiziyada milli təhlükəsizlik nazirinin işdən azad edildiyi barədə xəbəri eşitdikdən sonra, IV Baş idarənin rəis müavini və həmin Baş idarənin 1-ci idarəsinin rəisi vəzifəsini icra etdiyinə görə iş yerində olmağını zəruri hesab edərək, səhhətində problemlər olmasına baxmayaraq saat 21 radələrində iş yerinə gəlib və təxminən 1 saatdan sonra evə qayıdıb. O, bir daha həmin gün məhv etdiyi sənədlərin yalnız lazım olmayan və məhv olunması üçün nəzərdə tutulan sənədlər olduğunu, onların arasında hər hansı məxfi və tam məxfi sənədlər olmadığını, lazımsız sənədləri məhv edilməsi üçün vaxt ayırmaq imkanı olduğundan onları məhv etdiyini bildirib.