31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ili ərəfəsində "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində 2016-cı ilin yekununa olunmuş yığıncaq keçirilib.

Unikal.org xəbər verir ki, illərin qovuşuğunda keçirilən tədbiri giriş sözü ilə "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açaraq, iştirakçıları, onların şəxsində bütün xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2017-ci il münasibətilə ürəkdən təbrik edib, dəmir yolunda çalışan insanlara möhkəm cansağlığı, uzun ömür, xoş güzəran diləyib.

O, bildirib ki, təqvimdə bir çox əlamətdar günlər var. Ölkəmizin yaxın və uzaq keçmişinin müəyyən məqamlarını özündə əks etdirən bu tarixi günləri yaşatmaq olduqca gərəklidir. Çünki həmin günlərdə Azərbaycan tarixinin hansısa mühüm anı yaşayır. Onlardan biri də ulu öndərin təşəbbüsü ilə təsis edilən 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu bayramın elan olunması bizim yaxın tariximizdə baş verib. Ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən ilk dəfə, 16 dekabr 1991-ci il tarixli sərəncamı ilə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik bayramı elan etdi, sonra isə bu tarix bütün Azərbaycan xalqının, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın milli bayramına çevrildi.

Sonra C. Qurbanov 2016-cı il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın Bakı-Tbilisi-Qars, "Şimal-Cənub və "Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində, "ASAN QATAR sisteminin tətbiqi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. Xüsusilə "ASAN QATAR sisteminin tətbiqindən danışan C. Qurbanov bildirib ki, bu, Azərbaycanın brendidir, hələlik dünyada analoqu yoxdur.

Həmçinin, cənab Qurbanov bu gün Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlamasından da söz açıb: "Bu gün saat 11:00-da sərnişin qatarı ilə 57 sərnişin Naxçıvandan İrana yola salınıb. Bu, çox sevincli bir hadisədir. Yaxın zamanlarda yeni müasir üslublu qatarların da Naxçıvana göndərməyi planlaşdırırıq. Naxçıvan blokadada olan bir diyarımızdır və biz bu vətənimizədə yaxından dəstək olmalıyıq. İnşallah torpaqlarımız işğaldan azad olunandan sonra Bakıdan bir başa Naxçıvana gedən dəmir yol xəttini də bərpa edəcəyik. O gün uzaqda deyil".

QSC sədri dəmiryolçuların sosial vəziyyətinin yaxşılaşdırılmasından da söz açıb. Bildirib ki, bu gün bir qrup şəxsə ev mənzillər verdik: "İşçilərin sosial vəziyyətinin gücləndirilməsi üçün cənab prezidentin dəstəyi ilə bütün lazımi addımlar atılır. İnşallah gələn ilin mart ayınadək daha bir qrup dəmiryolçumuz da mənzillə təmin olunacaq. Bu cür layihələr davam etdiriləcək". 

Sonda Cavid Qurbanov yeni təqvim ili ərəfəsində 26 dəmiryolçuya yeni mənzillərin açarları təqdim edib. Mənzillə təmin olunan şəxslər QSC rəhbərinə və ölkə başçısına öz təşəkkürünü bildiriblər.