Bakı Ağır Cinayətlər Məhkəməsində Yol Patrul Xidməti (YPX) avtomobilini çəkiclə əzən Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org  xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ş. Bəylərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il fevralın 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əvvəllər məhkum edilmiş Ş.Bəylərov Bakıda xidmət aparan "BMW markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyənləşib. Ondan 302,477 qram heroin götürülüb. O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.