"Azərbaycan Hava Yolları" QSC (AZAL) gecikən London-Bakı aviareysinin yaxın vaxtda yerinə yetiriləcəyini gözləyir".
Unikal.org xəbər verir ki, bunu "APA-Economics"ə AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib."Aviareys başqa bələdçilərlə yerinə yetiriləcək", - deyə o bildirib.
O əlavə edib ki, aviareysin sərnişinləri otellərdə yerləşdiriliblər."O ki qaldı London polis tərəfindən saxlanılan bələdçilərə, onlar barəsində araşdırma davam edir. Vəziyyət tamamilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzarətindədir", - deyə AZAL rəsmisi qeyd edib.
Qeyd edək ki, yanvarın 24-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub. Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.
Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olunub.Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.