Keçən il icazəsiz dini ədəbiyyatın yayılması və icazəsiz fəaliyyət göstərən dini ədəbiyyat və əşyaların satış məntəqələrinin qanunazidd fəaliyyətinin qarşısının alınması ilə bağlı 40 mağazada monitorinq təşkil olunub.

Unikal.org-un məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında Komitə sədrinin müavini Səyavuş Heydərov bildirib.

S. Heydərov deyib ki, aşkarlanan pozuntulara görə 12 mağaza sahibi məhkəmənin qərarı ilə cərimə edilib: "17 mağaza sahibi barədə məhkəmə araşdırması, eləcə də 2 mağaza sahibi barədə polis orqanları tərəfindən təhqiqat davam edir. Həmin mağazalardan və digər ünvanlardan götürülmüş 856 adda dini ədəbiyyatın dinşünaslıq ekspertizası keçirilib, ümumilikdə onlardan 394 adda dini ədəbiyyatın zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyənləşdirilib.