"Bir müsəlman həzz almadan şərab içə, ehtiyacı səbəbindən donuz əti yeyərsə, bu, günah sayılmaz.

Bu sözləri unikal.org-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O deyib ki, İslam dinində çoxlu haramlar, napaklar, qadağalar var: "Bizim peyğəmbərlərimizin tarixinə baxsanız, onların hər birinin ciddi müəyyən günahı olub. Bu da bir işarədir. İnsan günah etməsə, günahları təmizlənməz. İnsan günah təbiətıi olmasa, onda seçim olmaz. Seçim olmasa din olmaz.

S.Cəlaloğlu şərab içmək və donuz əti yemək islam dinində haram sayılmasına baxmayaraq, bunların hər birindən ehtiyac olduğu təqdirdə istifadə etmək günah sayılmaz deyib:

 "İnsan bir-iki dəfə məclisə düşüb kimlərinsə təklifi ilə şərab içərsə, bu günah sayılmaz. Amma şərabdan ləzzət almaq və onu mütəmadi olaraq qəbul etmək müsəlman üçün çox böyük günah və o cümlədən haramdır. Allah Təala deyib ki, zəruri halda günah saydığı nəyisə həzz almadan yeyə və ya içə bilər. Məsələn, yeməyə heçnə yoxdur və ancaq donuz əti var. Sən məcbur olub onu yeyəcəksən. Yaxud da donuz əti səni həkim məsləhət bilirsə, məcburi onu yeməlisən. Məsələn, bəzən bir insan məclisə düşür və ona 100 qram araq içmək təklif edilir və bəzəndə məcbur edilir. Bu adam da məclisin ab-havasına görə tutaq ki, içib. Əgər o şəxs ləzzət almadan, özünə əzab verməklə, günahını bilə-bilə içirsə, Allah belə adamları bağışlayar. Amma sən Həcc ziyarətinə gedib gələndən sonra burda sərxoşluq, əxlaqsızlıq edə, korrupsiya ilə məşğul olasan, bax, bu, ictimai nəticələri olan pis əməl sayılır.

Dindar siyasətçi həmçinin, bugünədək Həcc ziyarətində olmamağının səbəblərini də açıqlayıb: 

"Birdən-birə namaz qılmağa başlamışam. Allah Təala özü nə vaxt hidayət etsə, onda Həcc ziyarətinə gedəcəm. Hələlik mənim Həcc ziyarətinə getməyim üçün həm iqtisadi imkanım yoxdur və həm də İlahi istiqamət görmürəm.

Orxan Həsənli