Rusiya xarici işlər naziri Sergey Lavrov Barak Obama administrasiyasının ciddi ziyan vurduğu ABŞ-Rusiya münasibətlərinin bərpası üçün Moskvanın üzərinə düşən addımları atmağa hazır olduğunu bəyan edib.
S. Lavrov Avstriyanın "Profil jurnalına müsahibəsində deyib ki, Moskva ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bəyanatlarını diqqətlə izləyir.
Rusiya xarici işlər naziri D. Trampın iki ölkə arasında normal dialoqun qurulmasının zəruriliyi ilə bağlı bəyanatının müəyyən ümidlər yaratdığını bildirib: "Son illər münasibətlərdə deqradasiya bizim günahımızdan olmayıb, bu, Barak Obama administrasiyasının məqsədyönlü fəaliyyətinin nəticəsidir. Biz öz tərəfimizdən həmişə münasibətlərin bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqların qarşılıqlı nəzərə alınması prinsipləri əsasında inkişafına hazır olmuşuq. Münasibətlərə vurulan ziyanı aradan qaldırmaq üçün hər iki tərəfin ciddi səy göstərməsi lazımdır. Ancaq hələ respublikaçı komandanın konkret məsələlər üzrə necə çalışacağı barədə danışmaq tezdir. Əminik ki, Rusiya və ABŞ-ın maraqları nəinki ikitərəfli münasibətlərdəki problemləri aradan qaldırmağa, eyni zamanda beynəlxalq terrorizm və digər böyük problemlərin həllinə birgə töhfə verməyə imkan verir .
S. Lavrov Rusiya və ABŞ-ın innovasiya və texnologiya sahəsində reallaşdırılacaq layihələrinin olduğunu da vurğulayıb.