Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrı-ayrı şəxslərin özlərini "əmək müfəttişləri kimi təqdim edərək bəzi sahibkarlıq obyektlərində yoxlamalar aparmaq istəməsi faktları barədə məlumatlar daxil olub.

Unikal.org xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, bununla əlaqədar ƏƏSMN sahibkarların diqqətinə çatdırır ki, ölkəmizdə sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində aparılan işlərin davamı olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2015-ci ilin noyabr ayından özəl sektora aid müəssisələrdə yoxlamaların aparılması iki il müddətinə dayandırılıb. 

"Həmin vaxtdan etibarən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də özəl sektora aid müəssisələrdə heç bir yoxlama həyata keçirilmir.

Hazırda bu və ya digər sahibkarlıq obyektində kiminsə özünü "əmək müfəttişi kimi təqdim edərək yoxlama aparmaq istəməsi də dələduzluqdan başqa bir şey deyil.

Ona görə də sahibkarlardan belə halla qarşılaşdıqları təqdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzinə dərhal məlumat vermələri xahiş olunur."-deyə nazirlik rəsmisi müraciətində qeyd edib.