Son günlər sul filtrləri satanların fəaliyyəti açıq şəkildə gözə girməkdədir. Qapıları döyərək evlərdə apardıqları "təcrübələrlə insanları inandırmağa çalışırlar ki, içdikləri su çirkabdır və həmin su onları ölümə aparır. Bununla da zavallı camaat aldanaraq onların təqdim etdiyi "su təmizləyici cihazı almaq məcburiyətində qalır. Əksər hallarda elektroliz prosesindən sonra suyun çirklilik dərəcəsi 265 faiz çıxır və insanlara bildirirlər ki, bu rəqəm 60 faizə qədər olmalıdır. İnsanları ağır xəstəliklərə tutulacaqları ilə qorxudaraq öz ciblərini doldururlar.

Unikal.org olaraq bununla bağlı kiçik araşdırma apardıq. Bir çox mətləblərə aydınlıq gətirməyə çalışdıq. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik. 

O, Unikal.org-a açıqlamasında bildirdi ki, su filtri satıcılarının apardıqları təcrübənin heç bir elmi əsası yoxdur, onlar istehlakçıları aldatmaqla məşğuldurlar: "Dövlət "Azərsuyun inkişafı üçün, əhaliyə verilən suyun təmizlənməsinə görə böyük investisiya qoyub. Mən də "Dünya Su Konqresinin iştirakçısı olaraq ötən ilin noyabr ayında "Azərsuyun su təmizləmə qurğularını nəzarətdən keçirdim. Məlum oldu ki, "Azərsu əhaliyə verilən suyu ən müasir üsullarla təmizləyir. Xüsusən də "Ceyranbatan suyu tam olaraq təmizlənir. Lakin su, infrastrukturu köhnəldiyindən, əhalinin su mənbələri ilə düzgün davranmaması səbəbindən bəzən krantdan paslı su gəlir. Bundan istifadə edən su filtri satıcıları bazarda açıq şəkildə hərcmərclik yaradıblar.Krantdan gələn su ilə apardıqları heç bir elmi əsası olmayan texniki təcrübələrlə istehlakçıları inandırmağa çalışırlar ki, bu su təhlükəlidir, onu istifadə etmək olmaz və.s. Onların elektroliz adı altında apardıqları bu "təcrübə əsasında ortaya çıxan bulanıqlıq əslində, suyun tərkibində olan bulanıqlıqdan deyil, orada olan elektrodlar arasındakı atomların birinin digərinə keçməsi zamanı yapışmasından əmələ gələn bulanıqlıqdır.
E.Hüseynovun sözlərinə görə, ölkəyə gətirilən bu filtrlərin hansısa məmurun monopoliyasında olması istisna deyildir: "Su filtri satan şirkətlər dövlətin böyük investisiyalar hesabına təmizlədiyi suyu antireklam edir. Bu işdə istehlakçıların özlərinin də böyük günahı var. Kanalizasiyalara heyvan içalatı və digər bu kimi tullantılar axıdılmasının nəticəsində filtrlər yararsız hala düşür. Bu filtrləri Azərbaycana hansısa məmurun gətirməsi də istisna deyil. Təxminən bazarda 20-ə qədər su filtri satıcıları var. Bir-birləri ilə anormal rəqabət aparırlar. Nəticədə isə istehlakçı aldanır. "AzərsuASC Azad İstehlakçılar Birliyi ilə bu filter satanların əməllərini elmi əsaslarla ifşa etməlidir. Evlərdə apardıqları əsassız "təcrübələrə elmi əsaslarla cavab verilməlidir ki, istehlakçı hüquqları pozulmasın.

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Unikal.org- a məsələ ilə bağlı danışarkən deyib ki, özü də su filtri satıcılarının əməlləri ilə qarşılaşıb: "2009-cu ildə su filtri satanlar təzə peyda olanda mən də onların apardıqları "təcrübənin şahidi olmuşam. Hətta qəribə gəlib mənə. Sonradan araşdırdım ki, bu filtrlər hətta distillə olunmuş suyu belə bulanıq göstərir. Onların icra etdiyi elektroliz prosesi ilə suyun çirklilik dərəcəsi yoxlanılmır. Ümumiyyətlə suyun çirkliliyi deyilən bir termin yoxdur. Bulanıqlıq göstəricisi var və bu NTU adlanır. Kimsənin əhaliyə verilən suya şübhəsi olmasın. Bunu sübut da etməyə hazırıq. Ölkələr milyonlar xərcləyib laboratoriya qurur bu "çoxbilmişlər də iki dənə dəmirlə suyun tərkibini müəyyən edir. Əhalini bu filtr satanlara inanmamağa çağırıram.

Həsən Babayev