Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 9-da Suriyanın Əl Bab qəsəbəsi ətrafında Rusiya hərbi təyyarəsinin türk əsgərlərini bombalaması ilə bağlı Rusiya tərəfinin məlumatını təkzib edib.
Unikal.org-un məlumatına görə, Baş Qərargah bildirib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun söylədikləri doğru deyil: "Suriyada aparılan əməliyyat çərçivəsində qüvvələrin bir-birinə zərər verməsinin əngəllənməsi məqsədilə iki ölkə arasında 12 yanvar 2017-ci ildə imzalanan və təxminən 1 aydır qüvvədə olan sazişə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat məlumatları rusiyalı tərəf-müqabillərimizlə müntəzəm paylaşılır. Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib.
Qeyd edək ki, hadisə zamanı 3 türk əsgəri həlak olub, 11-i yaralanıb. D. Peskov hadisənin səbəbini belə izah edib ki, bombalanan yerin koordinatları Türkiyə tərəfindən verilib və orada türk əsgərləri olmamalı imiş: "Bizim hərbçilərimiz zərbələr endirərkən türk tərəfdaşlarımız tərəfindən verilən koordinatlar əsasında hərəkət edib. Həmin koordinatlarda türk hərbçiləri olmamalı idi.