İlqar Altay: "Nazirlər Kabinetinin bu qərarı ölkədəki çoxsaylı məcburi köçkünlərin mənzil təminatı üzrə ədalətli yerləşdirilməsi və həm də köçkün-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətində vacib addımdır

Image result for ilqar altayMəlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamına əsasən məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif addımlar atılır. Köçkünlərin yeni evlərlə təminatı prosesi artıq neçə ildir ki, davam edir.Lakin təəssüflə qeyd etmək lazımdır ki, evlərin paylanması zamanı müəyyən neqativ hallar da ortaya çıxır. Amma artıq bununla bağlı da qəti çözüm tapılıb. Dünən Nazirlər Kabineti "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasını təsdiq edib. "Unikalın məlumatına görə, Baş nazir Artur Rasizadənin imzaladəğı bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir.
Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyatı yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir:
- məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş "məcburi köçkün statusu olan şəxslərə;
- yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə.
Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə "Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin formasının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2 nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir. Kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir. Məcburi köçkün kirayə müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, bu Qaydaya, onunla bağlanmış kirayə müqaviləsinə və qanunvericiliklə müəyyən edilmiş digər qaydalara əsasən mülki məsuliyyət daşıyır. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanmış kirayə müqaviləsi ləğv edilir. Məcburi köçkün ailələrinin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrinə köçürülməsi Komitənin vəsaiti hesabına həyata keçirilir.

Köçürülmə zamanı aşağıdakı hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsi verilmir:
- müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlərə;
- məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla);
- digər şəhər və rayonlarda müvəqqəti məskunlaşmış, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son 3 ildə həmin obyektdə yerləşib yaşayanlara;
-artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələrə.

Əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olmuş və boşanaraq geri qayıtmış məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir.
Məcburi köçkün 5 gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidir. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

Yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirilir:
- ailə tərkibi 1 nəfərdən ibarət olanlara -1 otaq;
- ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara -2 otaq;
- ailə tərkibi 4-5 nəfərdən ibarət olanlara -3 otaq;
- ailə tərkibi 6 nəfər və 6 nəfərdən çox olanlara -4 otaq;

Nazirlər Kabinetinin bu qərarını şərh etmək üçün mütəxəssisə müraciət etdik. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay "Unikala açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin bu qərarını ölkədəki çoxsaylı məcburi köçkünlərin mənzil təminatı üzrə ədalətli yerləşdirilməsi və həm də köçkün-dövlət münasibətlərinin tənzimlənməsi istiqamətində vacib addım hesab edir. Onun sözlərinə görə, bu qərar iki tərəfli tənzim əhəmiyyətinə malikdir: "Bir, doğurdan da yaşayış sahəsinə, mənzilə ehtiyacı olan köçkünlərin dövlətin qayğısı üzrə və haqq-ədalətlə təminatı. İkinci isə, belə bir yardıma ehtiyacı olmayan və ya artıq imkan və yaşayış səviyyəsi mənzilə ehtiyacı olmamaq həddinə yetişmiş köçkünlərin bu yardımdan uzaqlaşdırılması. Bununla da " yardıma ehtiyacı olanlara edilməlidir" kimi bir ədalətli prinsip möhkəmlənib real həyata keçirilir. Həm dövlət lazımsız yerə yardım adı ilə artıq mənzil paylama ziyanına düşmür, həm də qənaət edilən bu mənzillər həqiqi ehtiyacı olan köçkünlərə verilir.
Müsahibimiz hesab edir ki, köçkünlərin sayının və onlara mənzil və müxtəlif formalı yardımların, güzəşt və imtiyazların çoxluğunu nəzərə alsaq, bu məsələnin lazımi səviyyədə tənzimlənməsinə ölkədə kəskin ehtiyac yaranıb. "Zaman olub ki, ərazilərimizin erməni işğalı nəticəsində yüz minlərlə ailələr ev-eşiklərindən qaçqın və köçkün düşüb. O zaman dövlət və xalq Bakıya və ölkənin müxtəlif bölgələrinə axışan köçkün kütləsini, öz vətəndaşlarımızı bütün imkanı qədər qarşılayıb və yerləşdirib. Və o vaxtkı kütləvi axın ara-qarışıqlığı və idarəçilik səviyyəsinə uygun, yerləşdirilmələrdə, yardım bölgüsündə təbii ki, qayda tətbiqi və tənzimlənmə çətinlikləri və qüsurlar da olub. Artıq bunun üstündən iki on illikdən çox keçib. Bu müddət bir insanın özünü, həyatını, işini qurması üçün az deyil. Ona görə köçkünlərin xeyli hissəsi dövlətin və xalqın qayğısı və həm də öz bacarıqları hesabına artıq yardıma ehtiyacı olmayan yuxarı səviyyəyə çatıblar. Bəzilərinin isə imkanları, xüsusi evləri, bahalı maşınları o dərəcəyə çatıb ki, onların hələ də dövlətdən yardım alıb, güzəştlərindən istifadə etməsi həm aşağı imkanlı yerli və həm də kəskin ehtiyaclı köçkünləri də qıcıqlandırır. Yəni dövlətə havayı ziyanla bərabər, sosial ədalətsizlik kimi çox böyük ziyan da vurur. Bəziləri müxtəlif yollar və vasitələrlə dövlətin qaçqın və köçkünlərə ayırdığı büdcəni talamaq fəaliyyətinə yönəlib. Bunların da səbəbi həmin vicdandandankənar "köçkün" həm də onlara yerlərdə bu şəraiti yaradan aidiyyəti məmurlardır. Avropada, xüsusən də Almaniyada mütəmadi olub, oradakı qaçqın və köçkün məsələlərinin tənzimlənməsində konkret qaydaları müşahidə etmişəm. Orada qaçqın və digər sığınacaq verilmiş insanların həm müvafiq yardım almasına, həm də onların doğurdanmı həmin yardıma ehtiyacı olmasına xüsusi nəzarət edən orqanlar var. Hətta dövlət üzdə deməsə də, mən bir tədqiqatçı kimi bilirəm və açım deyim ki, bu nəzarətə xüsusi xidmət orqanları da cəlb edilir. Birisi 15 il idi ki, mənzil, aylıq pul, tibbi və s. yardımlar alırdı dövlətdən. Və 4 il idi, kənarda başqa adamın adına bahalı mülk alıb, onu da maşın salonu kimi istifadə edirdi. Dövlət orqanları bunu bildi, məhkəmə ilə həmin mülkü də müsadirə etdilər, həmin 4 ildə dövlətin verdiyi yardımları da geri tələb etdilər. Çünki bunu dələduzluq və mənimsəmə cinayəti hesab edirlər. Düşünürəm ki, bizdə də belə konkret nəzarətə ehtiyac var. Yenə deyirəm, dövlətin xalq büdcəsi hesabına etdiyi yardım həqiqətən ehtiyacı olan imkansız vətəndaşımıza verilməlidir, fırıldaqçılara yox. Dövlətin bu gün kifayət qədər imkanı var ki, necə vergi orqanları bütün ölkənin ticarət sistemini tam nəzarətdə saxlayır, bu sistemin də müvafiq orqanlar tərəfindən nəzarətdə olmasını təmin etsin. Bu kimi vacib qərar və sərəncamlar, həm də bu işə ayrılacaq xüsusi kadr və texniki baza vasitəsi ilə, - deyə İ.Altay fikrini tamamlayıb.

Z.Məmmədli