Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, yeni siyahı Azərbaycan yığmasının aparıcı üzvləri üçün uğursuz alınıb.
Buna komandamızın Düsseldorfda keçirilən Qran-pridə iştirak etməməsi səbəb olub. Belə ki, yeni siyahıda liderlərdən Rüstəm Orucov (73 kq), Orxan Səfərov (60 kq) və Elmar Qasımov (100 kq) mövqelərini qoruyublar. Orucov yenə birinci, digərləri ikinci yerdə qərar tutub. 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyevin (90 kq) də yeri dəyişməz qalıb - 22.
Digər cüdoçularımıza gəlincə, Tərlan Kərimov (66 kq), Hidayət Heydərov (73 kq) və Uşanqi Kokauri (+100 kq) hərəyə 2, İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq), Elxan Məmmədov (100 kq) və Aişə Qurbanlı (48 kq) hərəyə 1 pillə geriləyiblər. Onlar müvafiq olaraq, 52-ci, 33-cü, 21-ci, 18-ci, 7-ci, 12-ci və 25-cidir.