Martın 1-dən etibarən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Prezidentinin 21 may 2016-cı il tarixli 918 nömrəli fərmanı ilə Dövlət Gömrük Komitəsinin üzərinə qoyulan vəzifələrin icrasına başlanılacaq.
Komitənin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, həmin fərmana əsasən gömrük orqanlarına verilən səlahiyyətlər müvəqqəti idxal və ixrac gömrük proseduru ilə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin daha da gücləndirilməsinə imkan verəcək.
Beləliklə, fiziki şəxslər tərəfindən müvəqqəti gətirilən və ya aparılan mal və ya nəqliyyat vasitələrinin vaxtında qaytarılması gömrük orqanları tərəfindən ciddi nəzarətə götürüləcək. Fiziki şəxslər gömrük orqanları qarşısında götürdükləri öhdəliyi yerinə yetirmədikləri, yəni müvəqqəti gətirdiyi və ya apardığı mal və ya nəqliyyat vasitələrini vaxtında qaytarmadıqları halda, sərhədkeçmə zamanı məhdudiyyətlə üzləşəcəklər.
Fərmanın icrası ilə əlaqədar mövcud normativ hüquqi aktlarda müvafiq dəyişikliklər aparılıb və bu dəyişikliklər ölkəmizə turist axınının artmasına mane olan halların aradan qaldırılmasına ölkəmizə səyahət edən turistlərin sayının artmasına da şərait yaradacaq.