Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib.
Unikal.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda öz əskini tapıb.
Hesabatda bildirilir ki, xaricdəki münaqişə zonalarında döyüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Qeyd olunub ki, sərhəd rejimini pozduqlarına görə 13 602 nəfər, axtarışda olan 4762 nəfər, dövlət sərhədini pozduqlarına görə 536 nəfər saxlanılıb, 49 milyon 823 min manat dəyərində qaçaqmalın, 1 ton 198 kq 138 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.