Göygöl rayonunda 80 yaşlı qadının törətdiyi qətlin təfərrüatı məlum olub.
Unikal.org report-a istinadən xəbər verir ki, Kəlbəcər rayon sakini, 1937-ci il təvəllüdlü Marquş Bayramova qonşusu və uzaq qohumu olan Kəlbəcər rayon sakini, 1974-cu il təvəllüdlü Şiraslan Atayevi qətlə yetirib. Yaşlı qadın mətbəx bıçağı ilə Ş.Atayevi ürəyə yaxın nahiyədən bıçaqlayıb. Bir bıçaq yarası alan Ş.Atayev hadisə yerində ölüb.
Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən 80 yaşlı qadın saxlanılıb. RPŞ-dən verilən məlumata görə, M.Bayramova istintaqa ifadə verib: "Marquş Bayramova ifadəsində bildirib ki, gecə saatlarında qonşusu Şiraslan Atayev sərxoş halda qadının yaşadığı evə gəlib. Qoca qadın Şiraslan Atayevdən həyətindən çıxmasını tələb edib və bundan sonra tərəflər arasında mübahisə yaranıb. Marquş Bayramova qeyd edib ki, Şiraslan Atayev söyüş söydüyü üçün onu bıçaqlayıb".
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.