Unikal.org xalq artisti Faiq Ağayevin big.az-a verdiyi müsahibəni təqdim edir:
-Heç indiyədək şəxsi həyatınıza uyğun mahnı ifa etmisinizmi?
- Mən səhnədə aktyoram. Şairin, bəstəkarın təqdim etdiyini yaşayıram. Həyatımda baş verən hadisəyə uyğun mahnı yazdırmaq və ya ifa etmək fikrində olmamışam. Amma mənə təklif edilən mövzunu səhnədə yaşamışam. Sənə təqdim olunanı aktyor kimi düzgün təqdim etməlisən. Hətta o hadisəni elə danışmalıyam ki, siz də inanmalısınız.
-Konsertinizdə sevdiyiniz xanımı təqdim edəcəyinizi qeyd etmişdiniz.
- Sevdiyim xanım zalda idi. Mən dedim ki, konsertimdə sevdiyim şəxsi görə biləcəksiniz. Kim istədi gördü. Mən demədim ki, onu səhnəyə çıxaracam.
-Yaxın günlərdə evlənməyi düşünürsünüzmü?
- Evlənmək lotereya kimi bir şeydir. Bir də görərsiniz bir aydan sonra kiməsə vuruldum. Zövqümcə olmayan bir xanıma belə vurula bilərəm. Həkimlər deyir sevgi hissi xəstəlikdir. İnsan sevmədiyi bir obraza belə vurula bilər. Falçı deyiləm ki, əvvəlcədən nə isə deyim (gülür).
-Sevdiyiniz şəxslə münasibətiniz nə qədər davam edir?
-Baxır münasibətə. Bir gün, üç ay, beş il-¦ Ömürlük də davam edə bilər.
-Ayrılığa səbəb nə olur?
- Hamıdakı kimi - uyğunsuzluq. Siz, məsələn, mağazaya gedirsiniz, özünüzə paltar seçirsiniz, çox xoşunuza gəlir, alırsınız. Amma geyindikdən iki gün sonra hansısa hissəsi sıxır sizi, narahat olursunuz. İnsani münasibətlər də elədir. Vanqa deyilik ki, qarşımıza çıxanın kim olduğunu əvvəlcədən bilək. Uyğunluq, isinişmə baş verdikdən sonra ya əbədi bir yerdə qalırsan, ya da ayrılırsan.
-Sizin hansısa dözülməz xasiyyətiniz varmı?
- Yoxdur. Mənim yalnız dözülməz peşəm və onun müəyyən "qıcıqlandırıcı tərəfləri var. Həyat yoldaşı da dözməlidir, barışmalıdır bunlarla. Sizinlə söhbət əsnasında, az qala, 117 nəfərlə öpüşüb-görüşdüm. Şəkillər yayımlanacaq. Ona da dözmək üçün ürək lazımdır. Axı hər insan bunu bacarmır. Başa düşmür ki, bu, peşəmin tələbidir. Yəni burada intim məsələdən söhbət belə gedə bilməz.
-Romantik bir filmdə rol alsaydınız, hansısa həmkarınızla açıq-saçıq səhnəyə çəkilmək istərdinizmi?
- Mən çox ilklər eləmişəm. Azərbaycan kliplərinə ilk dəfə dediyiniz həmin o açıq-saçıq səhnələri "Sən elə bilirdin, "Aldatdı məni klipləriylə mən gətirmişəm. Çəkiliş meydançasında əsas söz rejissorundur. Əgər razı olsam, tərəf müqabilim timsah da olsa oynamalıyam. (gülür)