Təhsil Nazirliyi ilk dəfə olaraq müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı qaydalar hazırlayıb.

Unikal.org xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı sənədlər Nazirlər Kabinetinə təqdim olunub: "Qaydalar təsdiq edildikdən sonra müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Sertifikasiyadan keçməyən müəllimlər təbii ki, müəssisədə qalıb işləyə bilməyəcəklər.

E.Bağırov vurğulayıb ki, hazırda sertifikasiyada hansı müəllimlərin iştirak edəcəyinə dair dəqiq qərar verilməyib. Onun sözlərinə görə, bu proses bütün müəllimləri əhatə etməyəcək: "Təbii ki, ilkin olaraq müəyyən bir hədəf qrupu seçiləcək. Çünki 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirilməsi mümkün deyil. Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunanlar diaqnostik qiymətləndirməyə buraxılmadıqları kimi, sertifikasiyaya da iştirak etməyəcəklər. Sertifikasiya Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biridir. Ondan sonra attestasiyanın olub-olmayacağı məlum deyil. Çünki ilkin olaraq müəllimlərin sertifikasiyasına başlamaq lazımdır.