İran prezidenti Həsən Ruhani Suriyada baş verən son hadisələrlə bağlı beynəlxalq faktaraşdırıcı qrupun yaradılmasını məqsədəuyğun saydığını bəyan edib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, Ruhani kimyəvi silah iddiasının haradan qaynaqlandığını anlamadığını bildirib.

"Məsələ hələ aydınlaşmayıb. Amerikalılar özlərini dünyanın polisi, rəhbəri və hakimi bilirlər. Ölçdülər, biçdilər və gecə yarı Suriyada aerodromuna hücuma keçdilər, nəticədə günahsız insanları qətlə yetirdilər. BMT rəsmiləri iki il öncə Suriyada kimyəvi silahı təhvil aldığını bildiriblər, indi bu iddia haradan çıxıb?" - o vurğulayıb.

Ruhani qeyd edib ki, faktaraşdırıcı qrupun üzvləri bitərəf ölkələrdən olmalıdır: "Araşdırsınlar bu kimyəvi silah haradan və kimin vasitəsilə gəlib, ümumiyyətlə, kimyəvi silah olub, ya olmayıb. Özünü hakim bilən ABŞ iddia edirdi ki, istəyi terrorçularla mübarizə aparmaqdır, lakin bu hərəkəti ilə Suriyada olan bütün terrorçuları sevindirib, terrorçular bayram edir. ABŞ-a bu hücumu etməyi hansı qanun icazə verir? Fəaliyyəti sual altında olan BMT və hətta öz konqresinizdən belə icazə almamısınız. Bütün beynəlxalq qanunlar və prinsiplərə zidd olaraq zalımcasına, utanmazcasına, icazəsiz Suriyaya təcavüz etdiniz".