Vətəndaş Elza Səmədova Azad İstehlakçılar Birliyinə müraciət edərək hüquqlarının bərpa olunmasını istəyib. 

Bu barədə Unikal.org-a təşkilatın rəhbəri Eyyub Hüseynov məlumat verib.

E.Səmədova təşkilata ünvanladığı rəsmi müraciətində yazır:

"2014 cü il aprel ayının 30-u Bakı şəhəri, Babək prospekti 43A ünvanında yerləşən European Cars Ltd. şirkətinə aid olan Audi Bakı Mərkəzindən 46 000 azn ödəyərək Audi marka Q5 model WAUZZZ8R4EAo65033VIN nömrəli avto maşın almışam. Onu da bildirim ki, ödənişlə əlaqədar mənə kassa çeki və ya hər hansı maliyyə sənədi verilməyib. Maşına sadəcə 2 il zəmanət verilib,baxmayaraq ki,hazırda bu tip avtomobillərə 5 il zəmanət verilir! Mərkəzdə mənə Fizuli bəy xidmət edib. Telefon nömrələri +994 12 570 00 77 , +994 12 570 00 88, +994 50 570 00 77.

2 il ərzində ciddi problemlə qarşılaşmamışam, sadəcə ön tərəfində barmaqlığın nikeli bilinməyən səbəbdən düşdüyü üçün Audi servis tərəfindən pulsuz bərpa edilib.

25.05.2016-cı il tarixində Ziya Bünyadov prospektində maşın hərəkətdə ikən mühərrik anidən titrəyərək söndü və şiddətli yanacaq qoxusu mühərrik bölümündən salona doldu, nəfəs almaqda çətinlik çəkən mən və ailə üzvlərim, azyaşlı övladımı təcili şəkildə maşından çıxardaraq, avto nəqliyyatın hərəkət etdiyi yolda, Dərnəgül magistralında gözləyərək həyatı təhlükə yaşadıq. Burada sadəcə 2 hərəkət zolağı olduğu üçün qəza vəziyyəti yarandı və ailəm böyük qorxu yaşadı. Böyük yük maşınları bizi sıyıraraq keçmək məcburiyyətində qaldı. Yoldan keçən taksi ilə ailəmi göndərdikdən sonra evakuator xidmətinə zəng etdim. 15 dəqiqədən sonra avto maşını Babək prospekti 35A ünvanında yerləşən "Audi Servisə çatdırdım. Təxminən saat 24:00 radələri olduğu üçün servis bağlı idi və avto maşını orada qoyub evə qayıtdım. Səhər servisə yaxınlaşdım, mənə verilən məlumata əsasən maşının 1-ci silindirinin yanacaq injectorunun sıradan çıxdığını bildirdilər. Maşının zəmanət müddəti bitəndən 20 gün sonra bu hadisə baş verdiyi üçün biz bütün məsrəfləri ödəmələli olduğumuzu dedilər. Qeyd edim ki, bu hadisə baş verən zaman maşının qaçışı 27 525 km idi. Uzun bir mübahisədən sonra sevris bizə ehtiyat hissənin zavod tərəfindən qarşılana biləcəyini, ancaq farsunka dəyişmək üçün işçilik və yağ, yağ filtiri və yağ dəyişmə xidmətini ödəməli olduğumuzu bildirdi və xidmətin sonunda 200 azn ödədik və həmin gün 26.05.2016 tarixində maşını servisdən götürdük.

Bu hadisədən tam 4 ay sonra 25.09.2016-cı il tarixində saat 10:00 radələrində Bakı - Ələt magistralında Sahil qəsəbəsi yaxınlığında eyni problemi yaşadıq. Maşın hərəkət halındə titrəyərək söndü və motor hisssindən yanmış benzin iyi salona daxil oldu, yaşlı qaynanam, kiçik yaşlı övladım və bütün ailə üzvlərim təlaşla maşını tərk etmək məcburiyyətində qaldıq. Həmin gün istirahət günü idi deyə servis bağlıydı və biz ailəlikcə Yevlax rayonuna toy mərasimində iştirak etməli olduğumuz üçün daha əvvəl AUDİ servisdə bizə xidmət göstərən bir əməkdaşın tövsiyəsi ilə maşını evakuatr xidmətindən istifadə edərək (40azn), Əhmədli qəsəbəsində yerləşən avto təmir xidmətinə apardıq. Maşına baxışdan sonra məlum oldu ki, bu dəfə 4-cü silindirin farsunkası sıradan çıxıb və yağa benzin qarışıb. Onlar maşının zəmanətdə olub olmadığı soruşdular və zəmanət müddəti bitmişdi. AUDİ-nin original ehtiyat hissəsinə 250 Azn və digər prosedurlara da 240 azn ödəyərək (cəmi 490 azn), axşam saatlarında maşını servisdən təslim aldıq.

Təəssüf ki, növbəti həftənin Cümə günü (30.09.2016) axşam saatında (21:00) işdən qayıdarkən Ayna Sultanova yaxınlığında, Dərnəgül körpüsünün alt hissəsindəki yolda eyni problemi yaşadım. Avto nəqliyyatın hərəkət intensivliyinə mane olacaq bir şəkildə tam 1-ci yolda maşın söndü və yanıq iyi salona daxil oldu və tənəffüs yollarının alergiyasına qarşı müalicə aldığım bir dövrdə 1 həftə ərzində 2-ci dəfə sağlığma zərər verən bu hadisə ilə qarşılaşmanın şoku ilə ani öksürək krizi ilə maşını tərk edə bilmirdim. Maşında tək başıma olduğum üçün ətrafdakı sürücülərin köməyi ilə maşını tərk edib, həyat yoldaşımı hadisə yerinə çağırdım və əlbəttə ki, o saatda servis bağlı olduğu üçün evakuatorla maşını yenə də Babək prospektindəki AUDİ servisə apardıq. Səhər saat 09:00-da servisə müraciət etdik və onlar növbəti 3-cü silindirin farsunkasının sıradan çıxdığını bildirdilər, farsunka ilə birlikdə eyni zamanda maşının şamlarını dəyişərək 1-2 günlük test sürüşü istədilər. Mən onlardan 2-ci silindirin farsunkasını da yoxlayıb dəyişməlidirsə bir dəfəlik dəyişilməsi xahiş etdim, çünki artıq idarə etdiyim maşında yenə eyni təhlükə ilə üzüzə qalacağımdan qorxurdum. Ancaq servisdə qeyd etdilər ki, 2-ci silindirin farsunkası nasazlıq göstərmir.

01.10.2016-cı il tarixində servisdən ayrıldım. 03.10.2016 tarixində, yəni 2 gün sonra Mətbuat prospektində övladımı həkimə aparakən yenə həmin problemi yaşadım və 2 azyaşlı övladımla bərabər evakuatora minərək axşam saat 19:30 radələrində Babək Prospektindəki AUDİ servisə maşını qoyduq. Səhər servisə yaxınlaşıb öyrəndik ki, son üst silindirin farsunkası da sıradan çıxıb. 2-ci farsunkanı da dəyişdilər və ehtiyat hssələrini zavod, digər xərcləri isə mən qarşılayaraq 325 azn ödəyib, yeni şamları geri verərək servisdən ayrıldım.

Bu prosesdə mən AUDİ firmasının Bakı satış mərkəzinə dəfələrlə zəng edib, maşınımın defekt seriya olub olmamasının aydınlaşdırılması ilə bağlı müraciət etdim və internetdən AUDİ firmasının Almaniyadakı servis xidmətinə məsələnin araşdırılması ilə bağlı müraciət etdim.

Ancaq mən servisdən öyrəndim ki, onlar məktubumu servisin Bakı şöbəsinə yönləndirmişlər və onlar da buna əsasən ehtiyat hissələrini zavodun hesabına təmin etmişlər. Biz dəfələrlə bu problemin səbəbini aydınlaşdırmağa cəhd etsək də " səbəb Azərbaycandakı yanacağın keyfiyyətsizliyi olaraq göstərilmişdir və bu haqda rəsmi hərhansı bir arayış verməkdən seris imtina etdi. Mən maşını alan gündən etibarən LUKOİL yanacaq doldurma mərkəzinin 95 Premium markalı yanacağından istifadə etmişəm.

Qeyd edim ki, maşında bu nasazlıqlar olandan sonra maşında titrəmə problemi yarandı. 17.03. 2017 tarixində maşının baxımı və yağ dəyişmə xidməti üçün AUDİ servisə müraciət etdiyim zaman motordakı titrəmə ilə əlaqədar şikayetimizi də bildirdim. Onlar titrəmənin maşının şamlarının dəyişdirilməli olduğu ilə əlaqələndirdilər və şamlar dəyişdirildi və çari görüləcək işlər də görüldü. Əslində maşının kitabında 60.000 km.- də şamların dəyişdirilməsi tövsiyə olunur, biz də isə qaçış, 39 451km idi.

17 mart tarixində maşını servisdən çıxardım və səhəri gün motoru işə salarkən hiss etdim ki, motordakı titrəmə davam edir, yenidən servisə müraciət etdim və 23 mart tarixində problemin araşdırılması üçün maşını servisə təslim etdim. Həmin gün servisdən zəng edərək bildirdilər ki, maşının antifriz qutusu (baçok) partlayıb, çox təəccüblü idi. Cəmi 40.000 belə getməyən və luks sinif sayılan AUDi kimi bir brendin antifriz qutusu dayandığı yerdə, niyə partlamalıdır. Bir halda ki maşın 2 gün əvvəl servisdə olub və həm elektron, həm də texniki baxışdan keçirilib.

Səhəri gün maşınla əlaqədar məlumat eldə etmək üçün servisə müraciət etdiyimdə bildirdilər ki, maşında daha əvvəl dəyişmiş 4-cü silindirin farsunkası nasazlıq göstərir və onlar müştəri loyallığı layihəsi çərçivəsində bu xidməti ödənişsiz etdilər. Ancaq maşının yanacaq filtiri, əyləc mayesi və antifriz qutusunun dəyişdirilməsi xidməti üçün 410 azn ödəniş etməli oldum və servis mənə 40 manat endirim xidməti də göstərdi.Qeyd edirəm ki,bütün hallarda servisə ödənilən pul müqbilində mənə rəsmi maliyyə sənədi verilməyib.

Ancaq təəssüf ki, maşındakı titrəmə problemi hələ də həll olunmayıb. Bundan başqa şəhər içində hər 100 km-ə nəzərdə tutulan yanacaq sərfiyyatı 12-13 Lt ikən, hal hazırda 20 Lt-e qədər çıxır. AUDI service mütəxəssisi (Rüfət) bunu belə izah edir ki, maşın işləndikcə bu təbii haldır, halbuki maşın hal hazırda 40 000 km qaçış göstərir və bu problem ilk farsunka dəyişdiyindən bu yana, yəni 27 525 km qaçış göstərdiyindən dəvam edir. Mən hesab edirəm ki, bu maşında ciddi bir nasazlıq mövcuddur və ya köhnə maşın təzə adla satılıb.

Tələbim ondan ibarətdir ki, bu məsələ araşdırılsın və mənim istehlakşı haqlarım qorunsun. Çünki bu maşınlar deyildiyi kimi Azərbaycandakı ekoloji şərtləri və yanacağın keyfiyyətsizliyi səbəbi ilə baş verirsə, niyə satış müqaviləsində bu haqda məlumat verilmir və xəbərdarlıq edilmir və ya Avro 5 standartı ilə satılan yanacağın keyfiyyətinə niyə nəzarət edilmir?

Yox əgər problem AUDİ firmasınındırsa, onda onlar mənim maşınımı nasazlığı olmayan bir maşınla dəyişdirsinlər və mənim maddi və ən əsası mənəvi təzminatımı qarşılasınlar.Xahiş edirəm hüququm qorunsun bu barədə dövlət orqanlarına və KİV-ə məlumat verilsin.

Məsələ ilə bağlı Audi Bakı Mərkəzi ilə əlaqə saxladıq. Unikal.org-a bildirildi ki, problemdən xəbərdardırlar, bu barədə mövqelərini açıqlayacaqlar.