Dövlət İmtahan Mərkəzi "Uçuş mühəndisliyi və "Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün Milli Aviasiya Akademiyasının (MAA) tələbə qəbulu qaydalarına müvafiq olaraq, MAA-nın 050616 kodlu "Uçuş mühəndisliyi və 050615 kodlu "Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi" ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər Heydər Əliyev Beynəlxalq Hava Limanı Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasının Həkim-uçuş ekspert komissiyasında xüsusi tibbi müayinədən və "Psixoloji peşə seçimi üzrə qabiliyyət müsabiqəsindən, MAA-da isə "Fiziki hazırlıq üzrə qabiliyyət müsabiqəsindən keçməlidirlər.

Abituriyentlərin tibbi müayinəsi 3 aprel - 12 may, "Psixoloji peşə seçimi üzrə qabiliyyət müsabiqəsi isə 10 aprel - 12 may tarixlərində Heydər Əliyev Beynəlxalq Hava Limanı Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasında şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9:00-dan 16:00-dək keçiriləcək. Xüsusi tibbi müayinədən keçmiş abituriyentlər arasında "Fiziki hazırlıq üzrə qabiliyyət müsabiqəsi isə 2017-ci ilin 22 aprel, 29 aprel və 5 may, 13 may tarixlərində MAA-da saat 9:00-dan başlayaraq aparılacaq.