Hərbi bloger Tofiq Şahmuradovun "Döyüş Gündəliyi.Talış sənədli filmi Moskvada təqdim edilib. Mərasim filmin yaradıcı heyətinin iştirakı ilə baş tutub. Rusiyada yaşayan soydaşlarımızın dəstəyi ilə keçrilən təqdimat mərasimində Moskva, Leninqrad, Samara, Yaroslavl vilayətlərindən 130 nəfərdən çox soydaşımız iştirak edib.

Unikal.org xəbər verir ki, Qarabağ savaşında şəhid olmuş əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimini jurnalist Anar Həsənov açdı.

O, qeyd edib ki, 2016-ci il aprel döyüşlərində əldə edilən hərbi- siyasi uğurlar barədə məlumatlandırma, təbliğat və düşmən təbliğatına qarshi əks-təbliğat fəaliyyətində Rusiyadakı diaspor qurumları passivlik göstəriblər: "Qələbəmizi şübhə altına almağa cəhd edən erməni təxribatçılarının qarşısını almaq, ölkədən kənardakı soydaşları məlumatlandırmaq, birləşdirmək və Azərbaycan Ordusuna diqqəti artırmaq niyyətilə bu kimi tədbirləri daha çox keçirmək lazımdır. Bu məqsədlə Rusiyanın bütün şəhərlərində Qarabağ həqiqətləri ilə bağlı mühazirələri, görüşləri, film təqdimatlarını ictimai işdə ön sıraya çəkmək zəruridir

25 illik Qarabağ savaşının dönüş nöqtəsi olan Aprel döyüşlərində geri alınan ərazilərimizin həvəskar fotoobyektivindən görüntülənən kadrlarını salona yığışan Moskva Azərbaycan icmasının nümayəndələri qürur hissi ilə izləyiblər.

"Döyüş Gündəliyi. Talış Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel ayında Ağdərə istiqamətindəki əkshücüm əməliyyatlarından bəhs edir. Müəllif, erməni işğalçılarından təmizlənmiş 6 mühüm yüksəklik, o cümlədən, düşmənin 21 möhkəmləndirilmiş hərbi postlarını göstərərək, Azərbaycan Silahlı Qüvvələrinin bu hərbi məntəqələri necə ələ keçirdiyini nəql edir. Filmdə həmin döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş hərbçilərin və erməni təxribatı zamanı həlak olmuş dinc sakinlərin qohumlarının müsahibələri, məğlub erməni hərbiçilərinin acı etirafları yer alıb.

Tofiq Şahmuradov filmin ərsəyə gəlməsində şəxsən Azərbaycanın Müdafiə Naziri general polkovnik Zakir Həsənovun rolunu xüsusi qeyd edib.

Tədbir zamanı filmin hərbi məsləhətçiləri, Qarabağ müharibəsi iştirakçıları, hərbi ekspertlər Nazim Bayram və Abuzər Abilovun çıxışları xüsusi maraqla qarşılanıb. Onlar Azərbaycan icmasını maraqlandıran sualları cavablandırıblar.

Tədbirdə çıxış edən Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, iqtisad elmleri doktoru Hacı Mirəşrəf Fətiyev, jurnalist Cəfərsadıq Abbasov, şair Həsib Nəbioğlu və digərləri öz növbəsində yaradıcı heyyətə minnətdarlıqlarını bildirdilər.

Gecə "Qarabağı azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin "İrəli əmrini gözləyirik- notu ilə bitdi.