Bacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin məhkəməsi davam edib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Qəmbər Quliyev dindirilib. O, təqsirləndirilən şəxsin atası olduğunu deyib: "Ölən də mənimdir, öldürən də mənim. Mahir də qaynımın oğludur. Hadisələrin bura gələcəyinə inanmazdım. Qız qaçandan sonda hamı sakit durdu. Nurlan isə bağışlaya bilmirdi. Deyirdi ki, bacı mənim qeyrətimdir. Namusunun kirləndindiyini deyirdi. Oturub onunla saatlarla söhbət elədim. Deyirdim, işin olmasın qohumuq".
Prokurorun suallarına cavab olaraq şahid bildirib ki, qızını başqa şəxsə verib: "Mən Mahirə qız verilməsini məsləhət bilməmişdim. Başqasına "həri"lədik. Sonra qız qaçıb getdi. Bundan sonra isə heç nə demədim. Toy eləyirdilər, razılıq da verdim. Çünki qız qaçmışdı, əlimdən gələn bir şey yox idi. Elə dövrə gəlib çıxmışıq ki, uşaq valideyninə qulaq asmır".
Qəmbər Quliyev qeyd edib ki, hadisədən sonra hələ də özünə gələ bilmir: "Burda danışmağa sözüm yoxdu. Nə deyə bilərəm ki?! Özümü bağışlaya bilmirəm".
Prosesdə şahid qismində təqsirləndirilən şəxsin bacısı Mərziyə Quliyeva dindirilib.
Hakim bildirib ki, qanunvericiliyə görə qardaşının əleyhinə ifadə verməyə bilər.
Şahid həmin şəxsə "qardaş" demək istəmədiyini deyib. O, məhkəmədə sərbəst ifadə verib: "Mahiri əvcəlcədən sevirdim. Öz istəyim ilə ona qaçmışdım. Məni başqasına verirdilər. Mahirə dedim. Onunla qaçmağa razı idim. Evdən razı deyildilər. Mahirin pulu olmadığı üçün ona getməyimi istəmirdilər. Qaçıb ona gəldim. Atam söz göndərmişdi ki, məndən imtina edib".
İfadəsini davam etdirən Mərziyə Quliyeva bildirib ki, hadisə baş verəndən sora ata evinə qayıdıb: "İndi öz ailəmlə yaşayıram. Digər qardaşım bu məsələlərə görə məni incidir. Qalmışam bələ".
Hakim bu zaman qızın atası Qəmbər Quliyevi yerindən qaldıraq ona irad bildirib: "Sənin o biri oğlunun da deyəsən ağlı yarımçıqdır. Bu qıza bir şey olsa nə olacaq? Elə bil, orta əsrlərdə yaşayırsınız. Qızı istədiyinə verməmisiniz. Bütün hadisələr buna görə olub. Mən Ağdam rayon Polis İdarəsinə məktub yazacam. Gəlib sizin evi nəzarətdə saxlasınlar. O qıza bir şey olsa sonra nə olacaq?!".
Mərziyyə Quliyava əsəblərinə hakim ola bilməyib. O, qardaşını təhqir edib və ağlaya-ağlaya zaldan çıxıb.
Daha sonra şahid qismində Zemfira Quliyeva dindirilib. O, təqsirləndirilən şəxsin anası olduğunu deyib.
Məhkəmə prosesi mayın 2-də davam edəcək.
Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxs qismində ifadə verən Nurlan Quliyev dayısı oğlunu namus üstündə qətlə yetirdiyini demişdi: "Bacımı başqasına vermişdilər. Mahir gəlib qaçırdı. Bu da mənə yer elədi. Qərara gəldim ki, onu öldürüm".
Qeyd edək ki, qətl keçən il sentyabrın 26-da Sabunçu rayonu Pirşaği qəsəbəsində baş verib.
21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. M.Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.
N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı, yamaca doğru atıb. M.Quliyev oradaca dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları tərəfindən Nurlan Quliyev tutulub. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü( xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.