Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslər arasında Xəzər rayon İcra Hakimiyyətinin başçısının müavini olmuş Ələkbər Heydərov da var.
Ələkbər Heydərov istintaq zamanı ifadəsində bildirib ki, 2001-ci ildən 2013-cü ilədək Xəzər rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləyib: "2011-ci ilin may ayında icra başçısı Gülağa İslam MTN-in Antiterror Mərkəzinə dəvət olunduğumu bildirdi. O, çağırılmağımın səbəbini bilmədiyini, oraya gedərək öyrənməyimi istədi. Mən də nazirliyə getdim. Adını bilmədiyim bir nəfər məni qarşılayaraq Antiterror Mərkəzinə apardı.
Ələkbər Heydərovun sözlərinə görə, MTN-in binasında onu bir otağa gətiriblər: "Adını bilmədiyim 2-3 MTN əməkdaşı icra başçısının müavini olduğum müddətdə saxta sərəncam verdiyimi bildirdi. Onlara sərəncam verməyə səlahiyyətimin olmadığını dedim, həmin saxta sənədi təqdim etmələrini istədim. Həmin şəxslər konkret olaraq kimin barəsində saxta sərəncam verdiyimi bildirməsələr də, ümumi danışdılar. Daha sonra hansısa vətəndaşa məxsus torpaq sahəsini başqa şəxsə satmağımı, 90-cı illərə aid bir neçə sərəncamın sürətini göstərdilər. Mənim də həmin sənədlərə adiyyətim olmadığını bildirdim, buna dair izahat yazdım. Söhbət zamanı Abşeron rayon İcra Hakimiyyəti başçısının müavinini də bir müddət əvvəl dəvət etdiklərini, onun da etdiyi cinayəti etiraf etmədiyini və məsuliyyətdən azad edilmək üçün pul verməsinə dair razılaşdıqlarını, ancaq onları aldadaraq dediyi məbləğı gətirmədiyini, daha sonra həmin şəxsi narkotik vasitələrin qaçaqmalçılığı ilə həbs etdiklərini bildirdilər.
Ələkbər Heydərov bildirib ki, sonra onu Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin yanına aparıblar:
"İlqar Əliyev bildirdi ki, Eldar Mahmudova məruzə olunmaqla çağırılmışam. O, saxta sərəncam verməklə torpaq sahələri satdığımı bildirdi. Mən ona da etiraz etdim, bu məsələyə adiyyətim olmadığını dedim. Həmin suallar üzrə bir neçə dəqiqə yenidən söhbət etdik. Mənə cavan oğlumun olduğunu dedi. Onun siqaret çəkib-çəkmədiyini, silahının olub-olmamasını soruşdu. Oğlumun maşınından silah və yaxud narkotik vasitə çıxa biləcəyini bildirdi, özümdən çox oğlumu nəzərə almağımı söylədi. İlqar Əliyevin bu sözündən həyəcanlandım. Həqiqətən də, onların istədikləri formada məni və ya ailə üzvlərimi şərləyə biləcəklərini düşündüm. Ancaq onların məhz məni çağırmalarının səbəbini, məndən konkret nə istənildiyini bilmədim.
İcra başçısının müavininin sözlərinə görə, daha sonra İlqar Əliyev əli ilə 5 rəqəmini göstərib, 500 min manat verməsini istəyib:
"Həmin məbləği düzəldə bilməyəcəyimi, imkanımın olmadığını dedim. İlqar Əliyev mənə hörmət etdiyini dedi, kağız parçasına 300 min manat yazdı, yekun rəqəm olduğunu, həmin pulu növbəti gün gətirməyimi istədi. Söhbət zamanı İlqar həmin pulun ona çatmadığını, pulun böyük hissəsinin nazir və idarə rəisinə veriləcəyini, ona az miqdarda pul qalacağını bildirdi. Bir gün ərzində həmin məbləği də düzəldə bilməyəcəyimi söylədim. Ondan mənə vaxt verməsini xahiş etdim. İlqar Əliyev pulu bir həftə sonra gətirməyimi istədi, bu barədə heç kəsə məlumat verməməyi tapşırdı. Mən də İlqarla razılaşdıqdan sonra oradan çıxdım.
Zərərçəkmiş bildirib ki, həmin pulu tanışlarından borc alaraq bir həftə sonra İlqar Əliyevə verib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Elçin Quliyev Ələkbər Heydərovu tanımadığını, onu MTN-ə çağırılmasını xatırlamadığını bildirib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən İlqar Əliyev həbs olunduqdan sonra təcridxanada özünü asaraq intihar edib.
MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilirlər.