"Səhər saat 5.30-dur. Oteldən çıxıram və məni gözləyən avtomobilə otururam. Hava soyuqdur, cəmi +4 dərəcədir. Sürücü təbii ki, ərəb dilində bilmir. Daha doğrusu, onun bildiyi kəlmələr ancaq "Salam", "Keyfi hal"dır. Erməni sürücü radionun səsini artırır və biz hərbi aerodroma yollanırıq".

Misirin ən böyük onlayn informasiya resurslarından olan "VoteGate"nin redaktoru Essam Kamel Ermənistandan Azərbaycana, işğal altında olan Dağlıq Qarabağa səfəri barədə "Dünyada tanınmayan məkanın nağılı" adlı yazısına belə başlayıb.

"Təxminən yarım saat getdikdən sonra aerodroma çatdıq. Ermənistan paytaxtının kənarındakı bu aerodrom sanki ötən əsrin 60-cı illərinin yadigarıdır. Təyyarələr və helikopterlər az deyildi. Təzələri Rusiyanın, köhnələri Ermənistanın idi.

Helikopterə yönəldik. 14 sərnişin vardı. Məndən savayı, Dağlıq Qarabağa Avropa Parlamentinin 5 deputatı və amerikalı jurnalist də yollanırdı.

Dağlıq Qarabağ 1988-ci illən bəri Ermənistanla Azərbaycan arasında mübahisə mövzusudur. Qarabağlı ermənilər guya müstəqil olduqlarını desələr də, onların müstəqilliklərini dünyanın heç bir ölkəsi tanımayıb. Hətta Ermənistan belə.. Halbuki qarabağlı ermənilər referendum keçirərək Ermənistana birləşmək istədiklərini demişdilər", - misirli jurnalist yazıb.

"VetoGate"nin redaktoru etiraf edib ki, onun Dağlıq Qarabağa səfərini özünü "qarabağlı ermənilərin Yaxın Şərqdəki səfiri" adlandıran Livan ermənisi, beyrutlu Karo Kababçyan təşkil edib.

K.Kababçyan Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun ən aktiv funksionerlərindən biridir.

Ərəb jurnalist daha sonra yazısında Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri ilə bağlı "izahat" verir: həmin izahat, onun sözlərinə görə, K.Kababçyanın açıqlamalarına əsaslanır və təbii ki, qarabağlı ermənilərin separatizmini "azadlıq, müstəqillik uğrunda mübarizə" kimi qələmə verir.

"Dağlıq Qarabağda aerodroma çatanda pilot dedi ki, yerə enəcəyik. Aeroport adlanan aerodrom boşdu. Sadəcə, ətrafda bir neçə ev vardı. Bizi xüsusi qrup qarşıladı, maşınlara oturduq və Xankəndinin mərkəzinə yollandıq", - E.Kamel Ermənistanda havaya qalxmış helikopterin Xocalıda yerə enməsindən bəhs edib.

E.Kamel Xankəndinin durumu barədə belə yazıb: "Azərbaycan şəhəri olan bu məkanda indi bir nəfər də müsəlman qalmayıb. Hər halda mən müsəlman görmədim. Bir məscid göstərdilər mənə, o da uçuq, viranə vəziyyətdə. Kababçyanın dediyinə görə, məscidi bərpa edərək əvvəlki vəziyyətinə qaytaracaqlar.

Xankəndidəki kişilərin tam əksəriyyətinin əynində hərbi forma var. Çobanlar da az deyil. Onlar şəhərin ətrafındakı çəmənlərdə mal-qara və qoyun otarırlar. Dağlıq Qarabağda kənd təsərrüfatı əsas fəaliyyət növüdür. Ermənilər bu məkanın təbii ehtiyatlar baxımından kasad olduğunu dedilər. Onu da vurğuladılar ki, əsasən pambıqçılıq, tütünçülük, meyvə-tərəvəz əkib-becərməkllə məşğul olurlar".

Şəhərdəki "Vallex Garden Hotel"də, lüks nömrədə yerləşdirilən ərəb jurnalist bu oteldən razı qalıb. O, Dağlıq Qarabağ "prezidenti" Bako Saakyanın iqamətgahının da otelin yaxınlığında olduğunu vurğulayıb və ermənilərin bu ərazidəki parka xüsusi qulluq etdiklərini yazıb.

"Şəhərin mərkəzi nisbətən normaldır. Mərkəzdən uzaqlaşdıqca vəziyyət çox pisləşir. Qarabağlı ermənilərin rəhbərləri hər şeyin normal olduğunu, hətta "inkişaf" etdiklərini göstərməyə çalışsalar da, belə deyil. Şəhər sakinlərinin çoxu yoxsuldur, normadan çox uzaq vəziyyətdə yaşayırlar", - "VoteGate"nin redaktoru yazıb.

Günorta saatlarında qarabağlı erməniləri E.Kameli "Hərb Tarixi Muzeyi"nə aparıblar və "şanlı mübarizə"lərindən bəhs ediblər.

Terrorçuluq və separatizmin, dinc azərbaycanlılara qarşı vəhşilikləri və cəlladlığı, manyaklıkla sadistliyi "mübarizə" kimi qələmə verən ermənilər misirli jurnalistə müxtəlif eksponatları da göstəriblər.

Ən maraqlı məqamlardan biri isə Essam Kamellə Dağlıq Qarabağın "xarici işlər naziri" Karen Mirzoyanın görüşüb olub.

Həmin görüşü E.Kamel belə təsvir edib: "Dünyanın heç bir ölkəsinin, hətta qarabağlı erməniləri idarə edib nəzarətdə saxlayan Ermənistanın belə, tanımadığı Dağlıq Qarabağa xarici işlər nazirinin nəyə gərək olduğumu soruşdum. Axı "müstəqil ölkə" olduğunu deyən, amma müstəqilliyini özündən savayı heç bir dövlətin tanımadığı bir yerdə XİN adlı strukturun olması çox qəribədir.

Karen Mirzoyan sualıma cavab olaraq dedi ki, doğrudur, onları kimsə tanımır. Sonra sakit səslə söylədi: "Hesab edin ki, biz xalq diplomatiyası ilə məşğul oluruq. Özümüzə güvənirik, taleyimizi müəyyənləşdirməyə çalışırıq".

Cavab yetərsiz, həm də qəribə idi. Daha sonra ondan soruşdum ki, qarabağlı ermənilərin azərbaycanlılarla savaşı əslində müsəlmanlara qarşı savaş deyilmi?! Axı azərbaycanlılar müsəlmandır.... Karen Mirzoyansa dedi ki, belə deyil, onların savaşında dini motivlər yoxdur".

Daha sonra Karen Mirzoyan İsrailin Azərbaycana silah və hərbi texnika satdığını söyləyib, şikayətlənib, "Misir xalqı bunu bilmədir" deyib.

E.Kamal ona "Bəs Rusiya da Ermənistanı silahlandırır axı?! Özü də İsrail Azərbaycana silah satırsa, Rusiya Ermənistana ən müasir silahlarpla hərbi texnikanı çox ucuz qiymətə verir, əksər hallarda bağışlayır - buna nə deyərdiniz? sualını ünvanlayanda K.Mirzoyan Rusiya ilə ermənilər arasındakı "qardaşlıq və dostluq əlaqələri, münasibətləri və bağları" barədə uzun-uzadı danışıb.

"Dağlıq Qarabağın mərkəzi şəhərində faktiki olaraq yeganə otelə döndük. Nahar etdik, çay içdik. Sonra da Ermənistana qayıtdıq. Dünyanın heç bir dövlətinin tanımadığı məkana səfərimiz başa çatdı", - "VoteGate"nin redaktoru reportajını belə başa vurub.

"VoteGate"nin redaktoru Essam Kemal aşkar ermənipərəst mövqeyi ilə tanınır. O, qondarma "erməni soyqırımı"nın Misirdə rəsmən tanınmasının ən qatı tərəfdarlarından biri kimi də ad çıxarıb. Fəqət, bütün bunlara rəğmən, Essam Kemalın Dağlıq Qarabağa səfərini təşkil edənlərlə bahəm, onun özü də Xankəndidəki miskin durumunu, qarabağlı ermənilərin total əksəriyyətinin səfil həyatını pərdələyə bilməyiblər.

Ermənilər üçünsə "ən pis"i isə Essam Kamalın belə, Dağlıq Qarabağın absurd ideyalarına inanmaması, ironiya ilə yanaşaraq şübhə etməsidir.(milli.az)