Dövlət Təhlükəsizliyi Xidmətinin, Heydər Əliyev Mərkəzinin, Təhsil, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə mayın 3-də "Heydər Əliyev - dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı mövzusunda ümumrespublika konfransı keçirilib.

Unikal.org-un məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev konfransda çıxış edərək bildirib ki, müasir tarixin parlaq şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü xalqımız tərəfindən geniş qeyd edilir. Ulu Öndər nümunəvi ömrünün və çoxşaxəli həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr edib. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xüsusi xidmət orqanlarının inkişafını daim diqqət mərkəzində saxlayıb.

"Təhlükəsizlik orqanlarının tarixi Vətən tarixinin bir hissəsi olduğundan həmin dövrdə təhlükəsizlik orqanlarında xidmət edənlər o dövrün çətinliklərini öz həyatlarında yaşadılar, - deyən DTX rəisi sovet dövründə bu qurumda öz zəkası ilə seçilən, xalqına və dövlətinə daim sadiq olan ulu öndər Heydər Əliyevin əməliyyat müvəkkilindən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəldiyini diqqətə çatdırıb. Bildirib ki, ulu öndər Heydər Əliyev 1950-ci illərdən etibarən təhlükəsizlik orqanlarında milliləşmə siyasəti apararaq milli kadrların yetişdirilməsi və yerləşdirilməsi işinə başlayıb. Ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında peşəkar fəaliyyəti, onun əsasını qoyduğu milliləşmə siyasəti bu gün də xüsusi xidmət orqanlarında ətraflı öyrənilir və tətbiq edilir.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdiyini deyən Mədət Quliyev bu gün gənclərin Heydər Əliyev irsinə sadiqliyini təqdirəlayiq hal kimi xüsusi vurğulayıb. DTX rəisi bildirib ki, konfrans Heydər Əliyevin öz zəkası və fenomenal istedadı hesabına nail olduğu mövqelərdən və imkanlardan xalqına sədaqətlə xidmət üçün istifadə etməsinə dair tarixi faktları diqqətə çatdırmaqla gənclərdə dövlətçilik hisslərini gücləndirmək məqsədini daşıyır.