Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.
Prosesdə zərərçəkənlərdən Elşən və Seymur Həsənov qardaşları dindirilib.
Onlar məhkəmədə verdikləri ifadələrində şikayətlərinin olmadığını, onları MTN-ə aparan şəxslərin hazırda təqsirləndirilən şəxslərdən heç birinin olmadığını deyiblər.
Prosesdə dindirilən "Zaminbankın Səbail filialının keçmiş müdiri olmuş Rauf Hüseynov isə MTN-də təzyiqə məruz qalmadığını, dindirildikdən sonra buraxıldığını deyib.
Proses mayın 10-da davam edəcək.
Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.