Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsindəki "Şəhid Parkı sökülərək yerində bina tikilir.
M.Rüstəmov 52 ünvanında yaşayan sakinlərin Unikal.org-a verdiyi məlumata görə, ətrafda yaşayanların istifadə etdiyi yaşllıq hər gecə məhv edilir.
Parkda şəhid Şahin Səməd oğlu Məmmədovun adının əbədiləşdirilməsi məqsədilə çəkilmiş xatirə bulağı və abidəsi isə götürülərək hazırda xarabalığı xatırladan ərazisində yerləşdirilib.
Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl gecə saatlarında parkın aşağı hissəsi hasarlandıqdan sonra onlar tikintinin dayandırılması üçün etiraz ediblər. Sakinlərin etirazından sonra işlər dayandırılıb.
Vətəndaşlar deyirlər ki, tikintini aparan şirkət ağacları bir-bir gecələr kəsməyə başlayıb.
Qeyd edək ki, hazırda məhv edilən park mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə 1998-ci ildə şəhid Şahin Məmmədovun atası Səməd Məmmədov tərəfindən abadlaşdırılıb. Parkda oturacaqlar, uşaqların əylənməsi üçün yelləncəklər quraşdırılıb. Park, ətrafdakı 7 binanın sakinlərinin istirahət etməsi üçün yeganə məkan olub. Ötən il parkın yuxarı hissəsində çoxmərtəbəli bina tikilib.
Xətai Rayon İcra Hakimiyyətindən vətəndaşların müraciətinə cavab olaraq ərazidə çoxmərtəbəli binanın tikintisindən xəbərsiz olduqları bildirilib.
Ağacları kəsən şirkətin rəhbərliyi sakinlərə bina tikintisi üçün icazələrinin olduğunu, ərazini aldıqlarını deyirlər...
Elvin Rüstəmov