"Bəzən elə olur ki, şəxs qanun pozuntuları ilə fəaliyyət göstərərkən daha çox gəlir əldə edir və bu zaman cərimənin məbləği onu qorxutmur"
"Kabel televiziyaları vətəndaşların hüquqlarını pozur. Orada 5-6 adam oturur, pul qazanır". Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin mayın 16-da keçirilən iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı belə deyib.
O, bildirib ki, kabel televiziyaları qanunun tələblərinə əməl etmir: "Ona görə də cərimənin miqdarını elə həddə qoymaq lazımdır ki, məsuliyyətli olsunlar. Hazırda cərimənin məbləği 150 manatdır. İzləyici məhkəməyə müraciət edərsə, onlar da 150 manatla işlərini həll edəcəklər. Bu xidmətlər keyfiyyətli deyil, qar yağanda, külək əsəndə kanal pozulur. Bundan başqa, vətəndaşa seçim imkanı da yaratmırlar. Bütün bunlara baxmayaraq, onların pulundan 1 manat kəsmək olmur".
Unikal.org xəbər verir ki, məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib ki, bununla bağlı müəyyən texniki standartlara nəzarət etməli olan qurum Milli Televiziya və Radio Şurasıdır: "Şura infrastrukturu olmayan, texniki baxımdan hazır olmayan hansısa şəbəkə yayımına lisenziya verməməlidir. Əgər standartlara cavab verməyənləri şəbəkəyə qoşursa və ya onlara lisenziya verirsə, deməli, burada məsuliyyət həm də bu qurumundur. Məncə, bir az məsələyə bu tərəfdən baxmaq lazımdır".
Ekspertin fikrincə, kabel şəbəkəsindəki problemlər tək texniki məsələlərlə bitmir: "Məsələn, abunəçinin şəbəkə ilə olan müqaviləsində hər hansı bir kəsinti göstərilməsə də, hansısa xüsusi günlərdə hansısa kanalların yayımı kəsilə bilir. Bunlar heç bir xəbərdarlıq olunmadan baş verir. Bu, heç bir qanunda göstərilməyib. Bunlar da pozuntudur".
Ə. Məmmədlinin sözlərinə görə, cərimə mexanizmi elə olmalıdır ki, şəbəkələr qanun pozmaqdan çəkinsin: "Düzdür, fəaliyyəti tamamilə iflic edən cərimə olmamalıdır. Amma eyni zamanda da, cərimə balanslı olmalıdır. Məsələn, 100 min abunəçisi olan və 1 ayda 100 min abunəçinin hərəsindən 10 manat pul almaq şərti ilə 1 milyon manat pul qazanan bir kabel şəbəkəsi 150 manat cərimələnirsə, əlbəttə ki, bu, onun üçün çətin olmayacaq. Deməli, bu baxımdan burada da balanslı yanaşma olmalıdır. Bununla bağlı iddialar doğrudur".
Hüquqşünas Elyar Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, qanunvericilikdə şəxsin qanun pozuntusuna yol verməməsi üçün cəza nəzərdə tutulub: "Cərimə cəzası varsa, çalışırıq ki, qanun pozuntusuna yol verməyək və cərimə olunmayaq. Bəzən elə olur ki, şəxs bu və ya digər sahədə pozuntularla fəaliyyət göstərərkən daha çox gəlir əldə edir və bu zaman cərimənin məbləği onu qorxutmur".
"Məsələn, bəzi növ heyvanların icazəsiz ovlanması qadağandır. Amma cərimədən qorxmayaraq ovalayırlar. Çünki həmin heyvanların qanunsuz ovlanmasına görə cərimənin məbləği ov üçün icazə rüsumunun məbləğindən azdır" -” E. Həsənov vurğulayıb. Hüquqşünasın sözlərinə görə, cərimənin məbləği elə olmalıdır ki, şəxs qanun pozuntusu törətməkdən yayınsın, daha məsuliyyətli olsun, keyfiyyətli xidmət göstərsin: "Amma şəxs düşünür ki, keyfiyyətsiz xidmət göstərsə də, on minlərlə manat pul qazanır və uzaqbaşı 150 manat cərimə verəcək. O zaman bu cərimə artıq effekt verməyəcək". Onun fikrincə, ümumilikdə götürəndə, qanun pozuntularının qarşısını cərimələrin artırılması yolu almaq üsulu arzuolunan deyil: "Arzuolunan üsul hüquq düşüncəsinin, psixologiyanın inkişaf etdirilməsidir. Şirkətlər anlamalıdırlar ki, cərimənin məbləğindən asılı olmayaraq onlar keyfiyyətli iş görməlidirlər. Amma qanun pozuntusundan yayındırmaq üçün cərimənin artırılması da bir metoddur".