Dövlət Gömrük Komitəsi bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə DGK-nin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) problemlərin yarandığını və buna görə 4 saat müddətində müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışının həyata keçirilə bilmədiyi barədə yayılan məlumatlara münasibət bildirib.
DGK-dan Unikal.org-a bildirilib ki, həmin məlumatlar həqiqətə uyğun deyil.
2017-ci ilin 25 may saat 21:00-dan başlayaraq 26 may saat 04:00 qədər Dövlət Gömrük Komitəsi tərəfindən informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizliyinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış yüklənmə testləri həyata keçirilmiş və DGK mütəxəssisləri tərəfindən aparılmış sınaqlar uğurla başa çatdırılıb.
Sınaqların həyata keçirildiyi müddətdə sistemdə müəyyən ləngimələr baş versə də, müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışının həyata keçirilməsi, eləcə də sistemin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb.