Erməni təxribatlarına cavab olaraq cəbhədə gedən cəmi 3 günlük döyüşlər danışıqlar prosesinə münasibət başda olmaqla, əslində bir çox şeyi dəyişdi. Reallıqlar onu götərir ki, bütün dəyişikliklər birmənalı olaraq Azərbaycanın xeyrindədir.

Hər şeydən əvvəl Ermənistan tərəfi və bütün dünya aydın şəkildə gördü ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək iqtidarındadır. Döyüşlərin nəticəsində erməni tərəfi həm cənlı qüvvə, həm də texnika baxımından böyük itkilər verdi.  Təşviş içində olan Ermənistan cəmiyyəti hələ uzun müddət bu psixoloji sarsıntı ilə yaşayacaq. Azərbaycan isə əksinə strateji əhəmiyyət  daşıyan yüksəklikləri ələ keçirməklə böyük hərbi üstünlük qazandı.

Bu qısa döyüşlərin siyasi və psixoloji nəticələri isə daha böyükdür. Birincisi bu, Azərbaycan xalqının qələbəyə olan inamını,  öz ordusuna etimadını daha da artırdı. Digər tərəfdən, əməliyyatlar birinci Qarabağ müharibəsinin məğlubluq stereotipini tamamilə dağıtdı. Ən əsası isə vasitəçilərin və beynəlxalq ictimaiyyətin münaqişəyə münasibətini kökündən dəyişdi. Azərbaycana məğlub ölkə kimi baxmaq tendensiyası artıq qırılıb. İndiyədək Azərbaycanın haqlı tələblərini qulaq ardına vuranlar, "Gedin öz aranızda dil tapın" deyənlər, indi özləri dilə gəldilər, çağırışlar etdilər, münaqişənin və vasitəçiliyin verdiyi məsuliyyətin fərqinə vardılar.  Danışıqlar naminə  görüşlər təşkil etməklə işini bitmiş hesab edən ATƏT-in Minsk qrupu indi daha konkret bəyanatlar verir. İndi bütün dünya inandı ki, Qarabağ dondurulmuş münaqişə  deyil. Problemin həllinin yubadılması ağır nəticələrə gətirib çıxara bilər. Ən ümdəsi Azərbaycanın məğlub tərəf kimi təqdim olunub güzəştlərə vadar edilməsi kimi yanaşmalar da artıq olmayacaq.

Bütün dünya gördü ki, Azərbaycan dövləti və xalqı milli məsələlərdə kifayət qədər həmrəydir. Bu  psioxoji  və informasiya müharibəsində  özünü daha aydın göstərdi. Amma işi əndazədən çıxarıb, Azərbaycanın dünayada aqresiv dövlət, müharibə və xaos tərəfdarı kimi təqdim edilməsinə də imkan verməməliyik. Əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın söykəndiyi əsas məqam da budur.  3 günlük döyüşlərlə Azərbaycan həm düşmənə, vasitəçilərə, həm də bütün dünya ictimaiyyətinə lazımi mesaj verdi. Bunu birinci raund üçün maksimum nəticədə kimi qiymətləndirə bilərik. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə həmişə tərfdar olub. İndi də danışıqları davam etdirməyə hazırdır. Üstəlik indi danışıqlara daha üstün tərəf kimi qatılacaq. 

Unikal.org "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.