Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "7 aprel – Ümumdünya Sağlamlıq Günü"nə həsr olunmuş "Diabet xəstəliyinə qalib gələk" şüarı altında maarifləndirmə tədbiri keçirilib. Tədbir Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Azərbaycan Diabet Liqası və Azərbaycan Tibb Universitetinin təşəbbüsü, təşkilatçılığı və dəstəyilə baş tutub.
Unikal.org-a verilən məlumata görə, tədbirin əsas məqsədi milyonlarla insana təsir edən şəkərli diabet və digər qeyri-infeksion xəstəliklər haqqında maarifləndirməni gücləndirmək, bu cür xəstələrə qayğını artırmaqdan ibarətdir. Toplantının əvvəlində son günlər Azərbaycan Silahlı Qüvvələrinin apardığı əməliyyat nəticəsində cəbhədə həyatını itirənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi, dosent, Dr. Asiman Həsənov bildirdi ki, hər il aprelin 7-si "Ümumdünya Sağlamlıq Günü"ndə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması qeyd olunur: "Bu gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəldilir. 2016-cı il diabet xəstəliyinə həsr olunub. Diabetin nə qədər ciddi problem olduğu, insanları nə qədər narahat etdiyi hər kəsə bəllidir.Artıq diabet sosial bəlaya çevrildiyindən, biz də həm tibb işçiləri, həm də cəmiyyətin üzvləri kimi bu məsələni diqqətdə saxlamağa çalışırıq". Baş həkim bildirdi ki, şəkərli diabet xəstəliyinin vaxtında aşkar olunması, profilaktik tədbirlərin aparılması vacibdir. Bu baxımdan, ictimaiyyətdə maarifləndirmənin daha da gücləndirilməsinə ehtiyac var.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Səbinə Məhbubi isə bildirdi ki, diabet xəstəliyinin qarşısı vaxtında alınmazsa, bu, daha çox insan itkisinə səbəb ola bilər: "Artıq diabet tibb sahəsindən sosial bir problemə çevrilib. Burada təkcə mütəxəssislər işləməli deyil. Bu məsələdə dövlət strukturları və ictimai təşkilatlar birgə fəaliyyət göstərməlidirlər". S.Məhbubi də xəstəliklə bağlı məlumatlandırma səviyyəsinin artırılmasının vacibliyini qeyd etdi.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ATU nəzdində yaradılmış İlkin Komitəsinin sədri Şahrud Əhmədov çıxışı zamanı bildirdi ki, dövlət başçısının sərəncamına əsasında rayonlarda, bölgələrdə kütləvi şəkildə müayinələr aparılır. "Fəaliyyətimiz dövründə dəfələrlə xeyryyə tədbirləri, konfranslar,qanvermə aksiyaları keçirmişik. Bu missiyamız bundan sonra da uğurla davam edəcək. "
Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova şəkərli diabet xəstəliyi və onun növləri, ölkə daxilində və ümumdünya səviyyəsində vacibliyi, müvafiq profilaktik tədbirlərin aparılması haqqında məlumat verdi. "Azərbaycanda 299 min 377 nəfər şəkərli diabetdən əziyyət çəkir. Bununla bağlı Azərbaycanda çox mühüm işlər görülüb, dövlət proqramı və qanunlar qəbul edilib. Lakin Azərbaycan dövləti və vətəndaş cəmiyyəti bu istiqamətdə işləri davam etdirilir".
Klinikanın Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov şəkərli diabetin gözdə yaratdığı problemlərdən danışdı. Onun sözlərinə görə, diabet xəstəliyinə görə göz dibində baş verən dəyişikliklərin qarşısı alınan və alınmayan növləri var. Təəssüf ki, bəzən diabet xəstələrinin göz dibində dəyişikliklər 10 ildən sonra özünü biruzə verir. Bu da problemin vaxtında aşkarlanmasına mane olur. Buna görə həkim mütəmadi olaraq göz müayinəsindən keçməyin vacib olduğunu bildirdi.
Çıxışlar və müzakirələr bitdikdən sonra tədbirin sonunda iştirakçıların xatirə fotosu çəkildi.