Fransada millət vəkilləri cinsi əlaqəyə görə pulun ödənilməsini yasaqlayan qanunu qəbul edib. Qanuna əsasən, seks üçün pul ödəməyə görə 3750 avroya qədər cəza nəzərdə tutulur.
Unikal.org BBCAzərbaycanca-ya istinadən xəbər verir ki, cərimə olunan şəxslər həmçinin fahişələrin üzləşdiyi şəraiti öyrədən dərslərdə iştirak etməli olacaqlar.
Bu mübahisəli qanunun qəbulu iki ildən çox çəkib. Fransa parlamentinin iki palatası arasında məsələ ilə bağlı ziddiyyət var idi.
Yekun müzakirələrin keçirildiyi ərəfədə bəzi seks işçiləri qanuna qarşı etiraz ediblər.
Parisdə parlament önündə toplaşmış təxminən 60 nümayişçi əllərində şüarlar saxlayıblar. "Məni azad etmə, mən öz qayğıma qalacağam," afişaların biridə deyilir.
Strass seks işçiləri ittifaqının üzvləri bildiriblər ki, bu, sayı təxminən 30-40 min arası olan fahişələrin dolanışığına təsir edəcək.
Lakin qanunun tərəfdarları deyiblər ki, qanun insan alveri şəbəkələri ilə mübarizəyə kömək edəcək.
Bu, həmçinin xarici fahişələrin, başqa işlər tapmağa razılaşacaqları təqdirdə, Fransada müvəqqəti məskunlaşma icazəsi almalarını asanlaşdıracaq.
Seks üçün pul ödəməkdə təqsirkar bilinən şəxslər ilk olaraq 1500 avro ödəməli olacaqlar, təkrarlanacağı təqdirdə isə cərimənin məbləği iki dəfədən də çox olacaq.
İsveç cinsi əlaqəyə görə fahişələri deyil, pulu ödəyənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul edən ilk ölkədir.
İsveç rəsmilərinin sözlərinə görə, qanunun qəbulundan sonra Stockholm şəhərində küçələrdə fahişəliklə məşğul olan qadınların sayı azalıb.