Unikal.org Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyevanın big.az-a verdiyi müsahibənin ikinci hissəsini təqdim edir:

-Son günlər səhhətinizlə yanaşı, şəxsi həyatınızla da gündəmə gəlirsiz. Yazılanlara görə guya demisiz ki, həyat yoldaşınız sizi aldadıb. 200 min manatınızı alaraq, başqa qadınla ölkəni tərk edib....

-Mənim hətta 2 yüz bitim yoxdur. Qaldı ki, o qədər pul ola... Həmin məbləği haradan alıram? 2 yüz minim olsa 50-ni götürüb, xaricdə özümü müalicə etdirərəm. Banklar elə faizlə pul verirlər ki?! Elə ağılsızam ki, bankdan o qədər pul götürəm? Bu söz-söhbəti yayanlar axmaq adamlardır. Hansısa sayt da ağzına gələni yazıb. İkincisi də, həyat yoldaşımla biz evlənəndə o bilirdi ki, mənim imkanım yoxdur. Nə maaş alıram ki? Hə, ayda-ildə bir dəfə xınayaxdılara gedirdim, onunla da qızımın illik haqqını ödəyirdim. Biz bir-birimizi sevib, təmənnasız evlənmişik.

-Yeri gəlmişkən, qadın zorakılığı haqda fikirləriniz maraqlı olardı...

-Öncə onu deyim ki, mənim aləmimdə dini siyasətə gətirmək olmaz. Çünki din insanın qəlbində olmalıdır. Allah sevgisi, onun hərəkətlərində, cəmiyyətdə özünü aparmağında olmalıdır. Bizim ölkəmizdə qanunlar baxımından qadınlarımız azaddır. Qadınla kişinin fərqi ondadır ki, kişilər fiziki, qadınlar isə mənən daha güclüdür. Fərq ondadır! Amma mənə elə gəlir ki, qadının-qadın olması üçün kişinin-kişi olması vacibdir. Çünki ta qədim dövrlərdən, eramızdan əvvəldən, ilk ibtidai icma dövründən qadın həmişə ocaq başında olub. Kişilər isə ov ovlayıblar, ailəni saxlayıblar. İndi ailə dəyərləri tamamilə dəyişib. Əvvəllər kişi üçün ailə tamam başqa şey idi. Yadıma gəlir, o dövrlər belə bir söz gəzirdi: Kişi də arvad boşayar? İndi qadını alır, amma ona heç həyat yoldaşı kimi baxmır. Fikirləşir ki, əşi tutar qatıq, tutmaz ayran. Əşi, bu getdi, o birisi gələr... Əvvəl evdə oturan kişiyə çox pis baxırdılar. Deyirlər e, əsl kişi daşdan da pul çıxarır. Əvvəllər kişilər heç qoymurdular ki, qadınlar işləsin. Özlərinə qadın çörəyi yeməyi sığışdırmırdılar. İndi kişilər evdə oturub, qadınlar işləyir. Deyirlər ki, iş yoxdur. Mən başa düşürəm, hardasa yoxdur, amma istəyən adam, gedib, tapa bilər. Bir tikə çörək qazanmaq üçün nəsə edə bilər. Divanda yatmaqdansa, nərd oynamaqdansa, gedib, bir tikə çörək qazanıb, gətirib, yoldaşına deyə bilər ki, bu da qazancım.

-Sizcə, möhkəm ailənin təməlini nə təşkil edir?

-Ailədə ilk növbədə hörmət olmalıdır. Vay o günə ki, hörmət yoxdur. Deyirlər ki, insan sevib evlənməlidir. Mən bir daha o nəticəyə gəldim ki, bu boş söhbətdir. Sevgi lazımdır. Amma ər-arvad arasında ilk növbədə hörmət olmalıdır. Hörmət olmadısa, sevgi də "ölüb gedəcək. Qadın dünyaya bədbəxt gəlir...

-Bəlkə qadın özü-özünü bədbəxt edir? Qadın güclü olandan sonra niyə onu kənardakı elə görsün?

-Yox. Balaca qız uşaqlarına fikir verin. Görün, onlar nə qədər məsumdurlar, mələk kimidirlər. O mələyi vampirə çevirənlər var...

-Kişilər?

-Təbii... Onlar mələyi vampir edirlər. Düzdür, bunu hamıya şamil etmirəm. Yəni mən demirəm ki, kişilərin hamısı pisdir. Yox, niyə? Bu saat 50-50-yədir. İndi alfonslar artıb. Əvvəllər qadını aldatmaq olardı? Gedib, qadının pulunu yeyir, pulunu əlindən alır.

-Bəlkə belə adamlar bütün dövrlərdə olub?

-Yox, yox. Bizim dövrümüzdə belə şeylər yox idi. Var idi, yüzdə iki faiz. Öz halal arvadının qızıllarını evdən oğurlayıb qaçır. Uşaqlarının anasını, fikirləşmir ki, bu mənim adımdır, namusumdur. Əvvəllər kişi arvadından boşansa da, onun namusunu çəkirdi. İndikilərin heç vecinə də deyil. İndi yola çıxırsan, gənc oğlanlar elə şaqqanaq çəkirlər ki, onların yerinə utanıram. Gənclik gülər, amma kişi kimi gülər.

-Artıq səhhətiniz yaxşılaşıb, evə buraxılırsınız. Planlarınız nədir?

-Ümumiyyətlə, fikirlərşirəm ki, can sağlığım imkan versə, bəlkə sənətimi dəyişim, səyyah olum. Başım o qədər ki, sənətimə və uşağıma qarışdı. Uşağımı böyütməyə, onu böyütmək üçün 5-3 manat qazanmağa... Problemlərə, uğurzuluqlara, hərdən xoşbəxtliklərə... Mən demək olar ki, dünyanı görməmişəm. Amma dünyanı gəzməyi çox istəyirəm. Onsuz da mən, belə baxıram ki, bu sənətdə lazım deyiləm. Fikirləşirəm ki, bir az pulum olsaydı, səyyah kimi dünyanı gəzərdim. Uzaq bir adadamı, ölkədəmi özümə balaca bir ev alardım. Amma o ev yaşıllığın, gül-çiçəyin içində olardı. Mən gülləri çox sevirəm. Burada heç kim səninlə intriqa aparmır, əsəbləşdirmir. Quşlar könlünü oxşayır. Mənim sevgiyə çox ehtiyacım var. Mən ümumiyyətlə, həyatımda sevgi görməmişəm. Sevgiyə çox böyük ehtiyacım var. Bəlkə də mən çox şey istəyirəm. Baxmayaraq ki, yarı ömrümü yaşamışam, amma mən məhəbbət aşiqiyəm.

İndi hərdən düşünürəm ki, xatirələrimi qələmə alım. Dünyaya gəldiyim gündən bu yaşıma qədər keçirdiyim o həyatı qələmə alım. Bütün ağrı-acıları ilə, yaxşı məqamları ilə... Amma mən xatirələrimi çapa verməyəcəyəm, vəsiyyət edəcəyəm ki, yayımlasınlar. Ruhum çox yorulub, çox yorğunam. Həyat o qədər qısadır ki, yarı yaşıma çatmışam. Deyirəm ki, kaş özümə ev almayaydım, kirayədə qalardım, o pulla dünyanı gəzərdim. Bir də insanlara demək istəyirəm ki, ilk növbədə özünüzü sevin. Özünüzdən muğayat olun. Çünki xəstə olandan sonra heç kimə lazım deyilsiniz. Kiminsə sizə yazığı gələ və yaxud da "can-can deyə bilər. Bu müvəqəttidir. Sizin çəkdiyiniz ağrı acını heç kim çəkməyəcək. Ən yaxınlarınız belə sizdən uzaqlaşacaqlar. Yəni tam olaraq, özünüzü heç kimə quban verməyin. Lap övladım olsa da. İnsanlar məni pis başa düşməsinlər. Çünki səni yaradıb, bu canı əmanət verib. Sənin də borcundur ki, bu canı qoruyasan. Ona görə də onun verdiyi canı kiməsə qurban vermək olmaz. İnsan bunu müəyyən yaşdan sonra başa düşür.