Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org APA-ya istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prosesdə M.Səlimovun vəkili məhkəmə tərkibinə etirazla bağlı vəsatət verib. Bildirib ki, proses zamanı verilən vəsatətlərin heç biri təmin edilməyib, M.Səlimovun hüquqları pozulub. M.Səlimov da vəsatəti müdafiə edib.
 
Prokuror isə vəsatətin rədd edilməsini istəyib.
 
Məhkəmə müşavirədən sonra vəsatətin baxılmamış saxlandığını, məhkəmə istintaqının tamamlandığını elan edib.
 
Prokuror çıxış edərək M. Səlimovun 10 il  müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Proses aprelin 15-də davam etdiriləcək.

Qeyd edək ki, M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib. M. Səlimov 1995-99-cu illər ərzində müdafiə nazirinin ictimai-siyasi işlər üzrə müavini olub.