Ötən gün Vergilər Nazirinin müavini Sahib Ələkbərovun şou əhlinin vergidən yayınmasından şikayətlənərkən səsləndirdiyi bu ifadə bundan öncə də olan sənətçilər ilə nazirlik arasında yaşanan problemi yenidən gündəmə gətirib. Nazir müavini vurğulayıb ki, il ərzində toylardan yüz minlərlə manat pul qazanan müğənnilər ildə yalnız 40-50 manat vergi verməklə real məbləğdən yayınırlar.
Qeyd edək ki, ötən ilin dekabrında nazirlik bir qrup müğənnini vergi borclarını ödəmədiyi üçün cərimələmişdi. Çoxlu sayda tanınmış sənətçi nazirliyə dəvət olunmuş və onlardan tez bir zamanda vergi borclarını ödəmək tələb olunmuşdu. Xəbərdarlıq alan müğənnilər arasında Ədalət Şükürovun, Gülyaz Məmmədovanın, Manaf Ağayevin, əməkdar artist Baloğlan Əşrəfovun və digərlərinin adı çəkilirdi.
Hazırda hansı sənətçinin Vergilər Nazirliyinə borcu var? Müğənnilərin illik vergi ödənişi nə qədərdir?
Xalq artisti Gülyaz Məmmədova müvafiq sualımıza belə cavab verdi:
"Bu barədə yalnız onu deyə bilərəm ki, mənim VÖEN-im var. Nə qədər vergi ödədiyimi isə Gülyanaq (bacısı Gülyanaq Məmmədova) bilir. Çünki hesab işləri işləri ilə o məşğul olur".
Unikal.org bildirir ki, əməkdar artist Röya Ayxanın köməkçisi Vüsal Rzazadə isə musavat.com-a deyib ki, müğənninin heç bir vergi borcu yoxdur:
"Hər bir sənəd yerindədir, işimizi müqavilə əsasında gördüyümüzdən vergilərə heç bir borcumuz yoxdur. Dövlətin vergisi nədirsə, onu da ödəyirik".
Müğənni Nadir Qafarzadənin Ruslan adlı köməkçisi (özünü belə təqdim etdi) də qeyd etdi ki, müğənninin borcu yoxdur. Köməkçi onu da vurğulayıb ki, toylar olmadığından vergilər ödəməyə də ehtiyac qalmır: "Vaxtında nə deyilibsə, ödəmişik, qəbzlərimiz əlimizdədir. 18 faizlə vergi ödəyirik. Dünən axşam nazir müavinin verdiyi açıqlamaları özüm oxumuşam. Onun dedikləri hər kəsə şamil edilmir. Müğənni çoxdur. Öz adımızdan deyirəm ki, bir vergini vaxtında ödəyirik. Ödənişlər də müxtəlif olur.
Bu gün nə günlük, nə də illik gəlirimiz var. Hazırda toylar həqiqətən də yoxdur. Bütün şadlıq evlərində Vergilər Nazirliyi kameralar yerləşdirib. Baxıb görə bilərlər ki, Nadir Qafarzadənin bir ay ərzində 10 və ya 5 toyu olub. Orucluq ayından sonra toylar yoxdur. Bu, pis yox, acınacaqlıdır. Müğənninin də öz işçiləri, onların da ailələri var. Pul olmayandan sonra Nadir Qafarzadə onlara necə pul versin? Hamını, müğənniləri də başa düşmək lazımdır?.
Əməkdar artist Elza Seyidcahan da indiki toyların daha çox hədiyyə toylar olduğunu bildirdi:
"Vergidən heç kəs yayınmamalıdır. Allah eləsin ki, xaricdə olan müğənnilər kimi biz də ayağımızı, qədəmimizi qoyduğumuz yerdən qonorar alaq və sevə-sevə vergiləri ödəyək. Elə bilirsiz Azərbaycanda iştirak etdiyimiz tədbirlərdə, atdığımız hər bir addımda pul qazanırıq? Xeyr".
Müğənni Manaf Ağayev illik vergi ödənişlərini açıqlayıb:
"Əvvəllər illik ödənişlərim 500-1000 dollar arası olurdu. Bu da toylardan aslıdır. Bəzi toylar ucuz, bəzisi baha, bəziləri isə qohum toyları olurdu. Qohum toyuna pulla getmirik ki... Gedib hələ pul da salırıq. Toyları siyahıya alırlar və biz toylara gedəndə vergimizi ödəyirik. Vergilərə mənim borcum yoxdur. Nə getdik veririk, yayınmırıq. Nə olub, onu da ödəmişik.
Lakin bu dəqiqə toy yoxdur, özləri də bilir (Vergilər Nazirliyini nəzərdə tutur X.G.). İndi toy yoxdur, bir qəpik də vermirəm. Gedərəmsə, verərəm. Toyları olmayan təkcə mən deyiləm, hər yerdə belədir. Hazırda müharibə, krizis dönəmində olduğumuzdan toy da yoxdur. Bu, musiqiyə görə deyil. Toy edirlər, toya gələn yoxdur. Heç dəvətnamə də verən yoxdur".
Müğənni Abbas Bağırov isə nə qədər vergi ödəniş etdiyini açıqlamaq istəmədi:
"2002-ci ildən vergi ödəyicisiyəm. Bu günədək Vergilər Nazirlyi ilə heç bir problemim olmayıb".