Keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı Samir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Samir Əliyevi sözlə çıxış edib. O, qətl törətmədiyini və işi aparan müstəntiqin qərəzli olduğunu deyib. Təqsirləndirilən şəxs 3 saat son söz deyərək günahsız olduğunu dilə gətirib. Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Samir Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 10 ilini ciddi rejimli qapalı müəssisəsində çəkəcək.

Qeyd edək ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub. 

S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. Onu da qeyd edək ki, istintaq zamanı Nəsimi rayon Məhkəməsində Samir Əliyevin həbs qətimkan tədbiri uzadılan zaman məhkəmə zalında özünü yandırmağa cəhd edib.