Elektron-tibb dünyanın ən perspektivli sahələrindən biridir və müasir informasiya cəmiyyətinin aparıcı ölkələrinin mühüm nailiyyətləri məhz bu sahə ilə bağlıdır.
Unikal.org AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev məlumat verib. Alim bildirib ki, dünyada gedən qloballaşma prosesi, müasir texnologiyaların sürətli inkişafı tibbdə informasiya texnologiyalarının tətbiqini zəruri edir. Bu baxımdan e-tibbin normativ-hüquqi bazasının formalaşdırılması, fərdi tibbi məlumatların online mühitdə təhlükəsizliyi, informasiya cəmiyyəti şəraitində insanların sağlamlığının təmin olunmasında yeni texnologiyaların tətbiqi imkanları və perspektivləri, o cümlədən e-tibbi demoqrafiyanın formalaşması məsələlərinin araşdırılması zəruridir.
Akademikin sözlərinə görə, fərdi tibbi məlumatlar və "Big Data", "Data Science" , onun tibbi ixtisaslar üzrə proyeksiyaları, e-sağlamlıq kartlarının buludlaşdırılması məsələləri, tibbi ekspert sistemləri, e-tibb və bulud texnologiyaları, tibbi elektronika, informasiya inqilabları və tibbi biliklərin təkamülü kimi mühüm məsələlər üzrə fundamental elmi tədqiqatlar aparılmalıdır. E-tibbdə 3D-texnologiyalar, biometrik texnologiyalar, superhesablama və "Data Mining" texnologiyalarının tətbiqi imkanlarının öyrənilməsi mühüm şərtlərdəndir. Müasir dövrdə insanların informasiya ilə ifrat yüklənməsi və onun mənfi təzahürləri, informasiya-kommunikasiya texnologiyalarının (İKT) təsiri ilə yaranan xəstəliklər, informasiya ekologiyası və əhalinin sağlamlığı, e-tullantılar və onların insan sağlamlığına təsiri və s. araşdırılmalıdır. Tibbi informatika və e-tibbə dair tədris materiallarının hazırlanması, tibbi personala İKT üzrə biliklərin tədrisi də xüsusi diqqət tələb edən məsələlərdəndir.
R.Əliquliyev e-tibbə dair beynəlxalq qurumların və xarici ölkələrin təcrübəsi, dünyada bu sahə üzrə müşahidə olunan tendensiyalar, yeni çağırışların öyrənilməsi və əldə olunan zəruri biliklərin ölkədə tətbiqi perspektivlərinin araşdırılmasının vacibliyini vurğulayıb.